Məhkəmə qərarları › İş №3(027)-92/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-92/2022

29.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-92/2022 29.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba şəhəri, Ə.Nərimanov küçəsi, dalan 1, ev 6-da qeydiyyatda olan və Quba şəhəri, 32-33-cü məhəllə ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 206-cı maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 28.01.2022-ci il tarixdə, saat 11:00 radələrində Quba şəhəri, 32-33-cü kvartal adlanan ərazidə ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda Şəxs 28.01.2022-ci il tarixdə, saat 11:00 radələrində narkotik vasitə olan qurudulmuş çətənə bitkisini qəbul etmişdir. Ona görə də Quba RPŞ-nin, İTB-nin polis sahə rəisi polis mayoru, Ramzanlı Şamil Ramazan oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510, 535 və 206-cı maddələri ilə inzibati xəta haqqında 28.01.2022-ci il tarixli MN 1327016-187 №li, MN 1327017-188 və MN 1327015-186 №li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 28 yanvar 2022-ci il tarixdə, saat 11: 00 radələrində yaşadığı Quba şəhəri, 32-33-cü məhəllədə evlərinin qabağında su arxına zibil tökdüklərinə görə ucadan nalayiq söyüş ifadələri işlətmişdir. Buna görə polis əməkdaşları tərəfindən Quba rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində əsəbi olduğundan polis əməkdaşlarınən qanuni tələblərinə tabe olmamışdır. Bir ay əvvəl Bakı şəhərində toyda olarkən qurudulmuş çətənə bitkisi qəbul etmişdir. Buna görə ondan analiz götürülərək tibbi müayinəyə göndərilmişdir. Hazırda əməlini etiraf edir, əməlindən peşmandır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 510, 535 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 510, 535 və 206-cı maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində isə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 206 maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar