Məhkəmə qərarları › İş №3(027)-922/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-922/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-922/2024 26.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21418414 nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ 22013339 qərarla inzibati qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 17:03 radələrində o, özünə məxsus 99-NK- 496 Dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba-SDK yolunun 167-ci km SDK istiqamətində hərəkətdə olan zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində EQ 21418414 nömrəli qərar tərtib edilərək 50 manat məbləğində cərimə edilmişdir. Həmin vaxt avtomobili o, idarə etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, bunlar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli EQ 21418414 saylı qərar tərtib edilərək 50 manat məbləğində cərimə edilməyi əsassızdır. Çünki, polis əməkdaşları tərəfindən protokol və protokol əsasında qərar tərtib edilərkən heç bir araşdırılma aparılmadan əsassız olaraq protokol tərtib edilmişdir. Ona görə də, məhkəmə tərəfindən lazımi qaydada araşdırılma aparılmalı, təqsirsizliyi sübuta yetirilməli və inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 21418414 saylı qərar ləğv edilməlidir. İşə baxılmasının yeri və vaxtı barədə şikayət verən və qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, X2 məhkəmə iclasına gəlməmiş, Quba RPŞ-nin DYPB-si nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, şikayətçinin və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında elektron çıxarışın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “QAZ 33021” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə QubaSDK yolu 167-ci km SDK yolu istiqamətində müəyyən edilmiş hərəkət sürətini 26 km/saat həddində aşmış, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. X2 şikayətini “QAZ 33021” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin vaxt onun idarə etmədiyi ilə əsaslandırmışdır. Lakin, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21418414 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21418414 saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21418414 elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar