Məhkəmə qərarları › İş №3(027)-926/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-926/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-926/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Quba rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, subay, fərdi qaydada işləyən, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında 06 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 06 noyabr 2024-cü il tarixdə, Quba RPŞ-nin inzibati binasında polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında 06 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 06 noyabr 2024-cü il tarixdə Quba rayonu, Diaqnostika Mərkəzinin qarşısında ucadan nalayiq söyüşlər söymüşdür. Protokol tərtib etmiş Quba rayon Polis şöbəsinin polis sahə rəisi X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən RPş-nə dəvət edilmiş, RPŞ-nin inzibati binasında təhqiqatçının xidməti otağında söyüşlər söymüş, nalayiq ifadələr işlətmiş, buna baxmayaraq, Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, qanunsuz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onun qanunsuz hərəkətləri davamlı şəkildə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onu yol polisi saxlayaraq PŞ-nə gəlmişdi. Məlum olmuşdur ki, 31 iyul 2024-cü il tarixdə “Hiper Story”un arxasında baş verən mübahisə ilə əlaqədar PŞ-nə gətirilib. Qeyd edir ki, o şirkətdə sürücü işləyir, fərqli rayonlarda olur, PŞ-ə dəvər edilməsilə bağlı ona birneçə dəfə fərqli nömrələrdən zəng gəlsə də, rəsmi bildiriş və ya sms göndərilməmişdir. Bu da onun işdən ayrılmasına maneə yaratmışdır. O PŞ-nə gələrkən, qapını döyüb içəri daxil olub və orda heç bir mübahisə olmamışdır. Hətta onu orda saxladıqları vaxt o vəkil tələb etsə də, vəkil təqdim olunmamışdır. İşin içində olan vəkildən imtina barədə ərizədən də onun xəbəri yoxdur. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X2 ifadəsində bildirmişdir ki, 31 iyul 2024-cü il tarixdə “Hiper Story”un arxasında mübahisə edən şəxslər müəyyən edilmiş və birinin Taleh adlı şəxs olması və əlbayaxa dava ilə nəticələnməsi müəyyən olunmuşdur. Bu barədə PŞ-nə məlumat daxil olduqda Şəxs dəfələrlə zəng olunub PŞ-nə dəvət olunsa da, o polisin dəvətinə saymamazlıq edərək, müxtəlif bəhanələrlə şöbəyə gəlməkdən yayınmışdır. Barəsində tərtib edilmiş təhqiqat materialı Quba rayon Prokurorluğuna göndərilib və təhqiqat materialı üzrə qərar bir nüçə gün əvvəl Prokurorluq tərəfindən ləğv edilərək PŞ-nə geri qaytarılmışdır. 2 gün əvvəl tapılıb PŞ-nə gətirilən zaman Şəxs RPŞ-nin inzibati binasında, TB-nin baş təhqiqatçısının yanında söyüşlər söymüş, lüzumsuz yerə RPŞ-nə dəvət etdiklərini iddia etmişdir T. Adayevi dəfələrlə nizam-intizama dəvət etsələr də, o qanunsuz hərəkətlərini davam etdirərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlara baxmayaraq barəsində tərtib edilmiş və ləğv edilmiş təhqiqat materialının məhkəməyə təqdim edilməsi mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Quba RPŞ-nin əməkdaşı X5 təhqiqatçıs Mübariz Zəkəryəyevin izahatı ilə eyni məzmunlu ifadə verərək, bildirmişdir ki, Şəxs işi onun icraatıda olmuş, cinayət işinin başlanması rədd edilmiş, lakin məcburi gətirilmə qüvvədə qalmaqla tətbiq olunmuşdur. Sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir, belə ki, material şöbənin dəftərxanasındadır, qeyri-iş saatllarında dəftərxana fəaliyyət göstərmir. Bundan başqa Şəxs RPŞ-nin inzibati binasındakı xoşagəlməz hərəkətlərini sübut edəcək video görüntü mövcud olmadığından, məhkəməyə bu barədə sübut təqdim etmək mümkün deyildir. Buna baxmayaraq, iki nəfər polis zabitinin şahid ifadəsini nəzərə alaraq Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X7 material üzrə sübutlar təsdiqini tapmadığından, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləti dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, ictimai qaydanı pozan hərəkətlərə görə məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İnzibati xəta haqqında protokolda və iş materiallarında olan digər sənədlərdə Şəxs xırda xuliqanlıq etməsi faktını təsdiq edən mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Polis şöbəsinə dəvətlə və saxlanması ilə bağlı etiraz isə, xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən inzibati xəta kimi əməlin obyektini ictimai qayda təşkil edir və AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirliliyi sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, hazırki əməllər yalnız İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsilə müəyyən olunmuş hal həmin Məcələnin 33.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Beləliklə də, qeyd edilən Məcəlləsinin 33-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar