Məhkəmə qərarları › İş №3(027)-937/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-937/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-937/2024 25.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24602635 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24602635 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 11 noyabr 2024-cü il tarixində,etibarnamə ilə idarə etdiyi MERCEDENS BENZ E220 Minik markalı **-RO-*** qeydiyyat nişanlı avtomobillə Quba şəhəri H.Əliyev prospekti ilə hərəkət edərkən guya,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Bu protokolla ona 80 (səksən) manat və 2 cərimə balı yazılıb. 11 noyabr 2024-cü il tarixli EQ 24602635 nömrəli protokol ilə razı deyil, həmin protokol və əsasında qəbul edilən qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki,protokolda göstərilir ki, İXM-nin 346.4 (Yanqoşqusu olmayan motosikletlər,mopedlər,velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla,digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə sayanmasına və durmasına görə) maddəsinin tələbini pozaraq avtomobili idarə etmişdir. Həmin hərəkət zolağında dayanma və durmanı qadağa edəcək hər hansısa işarə yoxdur. Qeyd olunan tarixdə (xx.xx.2024) saat 11:24-də avtomobilini İXM-nin 346.4 maddəsinin tələblərini pozmadan düzgün dayandırıb və durmuşdur. H.Əliyev prospekti Quba şəhəri istiqamətində 3 hərəkət hissəsindən ibarət olsa da, bu hərəkət hissələrini bir birindən ayıran nişanlanma xətləri silinərək tamamilə yox olmuşdur.Təqdim olunan şəkillərdən aydın olur ki, avtomobili ilə dayandığım birinci hərəkət hissəsində eyni zamanda məndən sola yolun 2-ci və 3-cü hərəkət hissəsində avtomobillər rahatlıqla hərəkətdədir. Avtomobilini dayandırdığı yerdə ondan sağda hər hansısa nəqliyyat vasitəsi yoxdur, yerdə müəyyən qədər dərinlikdə kanalizasiya lyuku olduğu üçün digər avtomobillər kimi daha çox sağa deyil,sola meyilli dayandırmışdır. Quba DYP tərəfindən təqdim olunan müşahidə kamerasının görüntüsü və həmin kameranın mövqeyi (təxminən 100-150 metr məsafə) xətanı aşkarlamaq üçün əlverişsizdir və nəticədə səhv qərar çıxarılmasına səbəb olmuşdur. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24602635 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarında olan foto görüntüdən də görünür ki, “Vaz 2106” minik markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil parklanma üçün nəzərdə tutulmuş dayanacaqdan sonra yolun hərəkət hissəsində birinci cərgədə dayanmışdır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə Azərbaycan Respublikası DİN Quba rayon PŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 23436376 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24602635 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilsin və X2 əməli Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə tövsif olunaraq 20 (iyirmi) manat mələğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar