Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-947/2024 04.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli EQ 24271176 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 24594453 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.2 və 346.4-cü maddələri ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 24271176 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 24594453 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, Quba şəhəri, H.Əliyev prospektində “Vaz-2109” minik markalı **-DC-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Megastore” ticarət obyektinin qarşısındakı avtobus dayanacağından 2,3 m arxada sərnişin düşürtmüşdür. Buna görə ona Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat cərimə və 2 bal yazılmışdır. Təkrar xx.xx.2024-cü il tarixində həmin yerdə avtomobilini avtobus dayanacağından ən azı 20 m aralıda saxladığına görə 346.2-ci maddəsinə əsasən 40 (qırx) manat cərimə və 2 bal yazılmışdır. Hər iki halda o avtomobili avtobus dayanacağından aralıda saxlamışdır. Birinci halda 2,3 dəq ərzində sərnişini düşürüb və ya mindirmək olar, olmasa belə bu tələbin pozulmasının cəriməsi 80 manat deyildir. İkinci halda isə o avtomobilini avtobus dayanacağından ən azı 20 m aralıda saxladığı halda, cərimə ona güya o avtomobilini avtobus dayanacağından 15 m-dən az olan məsafədə saxladığına görə yazılmışdır. Düşünür ki barəsində tərtib olunan qərarlar əsassızdır. Məhkəmə iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-nə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24271176 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 24594453 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 (qırx) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarında olan foto görüntüdən də görünür ki, “Vaz 2109” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil parklanma üçün nəzərdə tutulmuş dayanacaqdan sonra yolun hərəkət hissəsində birinci cərgədə dayanmışdır ki, bu da İnzibati Xətalar Məcəlləsinin 346.1-ci: “bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə” məsuliyyətə səbəb ola bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Habelə Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan fotolardan göründüyü kimi, avtomobilin durduğu yerdə 3.28- durmaq qadağandır qadağan nişanı və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasını bildirən 5.12 yol nişanı mövcuddur. 3.28 qadağan nişanı 5.12 yol nişanından əvvəl quraşdırılmışdır. Belə olan halda 15 metrdən az durma halında məsafəsinin hansı nöqtədən hesablanmaqla dayanma qənaətinə gəlinməsi əsasları müəyyən olunmur. Halbuki, 5.12 yol nişanından 15 metrdən az yaxınlıqda nəqliyyat vasitələrinin nəinki durması, həmçinin dayanmasına məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.2 və 346.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24271176 nömrəli və xx.xx.2024cü il tarixli EQ 24594453 nömrəli qərarları ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.2 və 346.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24271176 nömrəli və xx.xx.2024-cü il tarixli EQ 24594453 nömrəli qərarları ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-947/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-947/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver