Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-948/2024 19.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin:xxxxxxx, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin kənddə yaşayan Şəxs barəsində Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, və 334.3-cü maddələrilə Azərbaycan Respublikası DİN-nin Quba rayon PŞ-nin DYPB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i: Daxil olmuş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Opel- Astra” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Vaqif küçəsilə hərəkətdə olarkən, “Vaz 2106” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 327.1-ci, və 334.3-maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, avtomobil evində işlədiyi ustaya məxsusdur, sürücülük vəsiqəsi olmadan sürmüş və çox içkili olmamışdır. Həmin gün bir şüşə pivə içmişdir. Zərərçəkmişə dəyən ziyanı sığorta qarşılamışdır və başqa tələb yoxdur. Hadisə ilə bağlı peşman olduğunu və avtomobildə xəsarət alan olmadığını bildirmişdir. Məhkəmə iclası barədə məlumatlandırılsalar da, DİN-nin Quba rayon Polis Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və Zərərçəkmiş şəxs Hacağa oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcələnin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törtmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq İXM-nin 334.3-cü maddəsi ilə tövsif edilmişdir və ona həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir.Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və təqsir dərəcəsini, məsuliyyəti yüngülləşdirən haların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin gəldiyi nəticəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Beləliklə də, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, maddələrilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 334.3, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəslə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-948/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-948/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver