Məhkəmə qərarları › İş №3(027)-954/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-954/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-954/2023 10.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN 11702525 saylı protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, Quba rayonu, Çartəpə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin zirzəmisinə qanunsuz yolla daxil olaraq oradan 80 manat dəyərində “lobzik” mişarlama alətini oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Quba rayon Çartəpə kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşayış evinin pəncərəsini açma yolu ilə evin zirzəmisinə naməlum şəxs və şəxslər daxil olaraq 1 ədəd işlənmiş halda olan 80 manat dəyərində Ural-Zit markalı cərəyanlı "lobzik" alətin oğurlanaraq maddi ziyan vurulmuşdur. Həmin şəxsin Şəxs olduğu müəyən edilərək, barəsində inzibati protokol tərtib olunmuşdur. Protokol təhqiqatçının qərarına əsasən tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, aprel ayının əvvəllərində taksi fəaliyyəti ilə məşğul olarkən maddi vəziyyətinin pis olması ilə əlaqədar evlərin birinə daxil olub oğurluq etmək qərarına gəlib. Ona görə sərnişin kimi düşürdüyü yerə yaxın evin zirzəmisinə plastik pəncərədən daxil olaraq ordan Ural-Zit markalı cərəyanlı “lobzik” alətini götürüb zirzəmidən çıxaraq həyəti tərk etmişdir. Halhazırda etdiyi əməldən peşmandır və barəsində tərtib olunmuş inzibati üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Çartəpə kəndində yeni təmir olunmuş birmərtəbəli fərdi yaşayış evi vardır. Bir müddətdir ki, həmin evdə yaşayış yoxdur, yalnız yay aylarında anası gələrək həmin evdə qalır. Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində həmin evə gəlmiş, 4 gün qalaraq sonradan xx.xx.2023-cü il tarixdə geri Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt evdə heç bir oğurluq əlamətlərinə rast gəlməmiş, əşyaların da yerində olmasını müəyyən etmişdir. Emin adlı həmkəndlisi zəng vuraraq son vaxtlar kənddə xırda oğurluqların baş verməsini demiş, buna görə ondan xx.xx.2023-cü il tarixdə onun evinə də baxış keçirməsini xahiş etmiş və sonuncu sonradan evdə zirzəminin plastik pəncərəsinin açıq olmasını demişdir. Buna görə xx.xx.2023-cü il tarixdə kəndə gələrək evə baxış keçirdikdə zirzəmidə olan 80 manat dəyərində işlənmiş Ural-Zit markalı cərəyanla çalışan lobzik alətin oğurlanmasını aşkar etmişdir. Ərizə təqdim edərək şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2023-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 227 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar