Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-955/2024 22.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba rayonu, İİ Nügədi kəndində yaşayan Şəxs barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən, Şəxs 22.11 2024-cü il tarixdə saat 14:35-də Quba RPŞ-nin TB-nin təhqiqatçısı Emil Zülfüqarovun iş otağında ucadan kobud şəkildə danışaraq maneçilik törətmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən, Şəxs 22.11 2024-cü il tarixdə saat 14:30-da Quba RPŞ-nin TB-nin iş otağında kobud şəkildə TBnin əməkdaşının iş səlahiyyətlərinə maneçilik törədərək, qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində “Məryəm” şadlıq sarayının qarşısında baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar “102” xidmətinə zəng etmək istədikdə polis serjantı onlara yaxınlaşaraq, hadisə barədə şöbəyə xəbər verdiyini demişdir. Sonra da izahatlarının alınması üçün şöbəyə getməli olduğunu dedikdə, o öz maşını ilə şöbəyə gəlib, səhər saat 10-dan günortaya kimi orada gözləmişdir. Polisdən, izahatın nə vaxt alınacağnı soruşduqda, gözləmələrini, demişlər. Bir xeyli orda gözlədikdən sonra təhqiqatçının qapısını döyüb, onlara iradını bildirmiş, ilk öncə onun izahatının alınmasını xahiş etmişdir. Buna baxmayaraq polis əməkdaşına heç bir təzyiq göstərməmiş, söyüş də söyməmişdir. Bir-neçə dəfə qapısını döyüb söz soruşmuşdur. Bundan da polis əməkdaşı guya onun işinə mane olduğunu bildirmişdir. 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır, ola bilsin aldığı travmalardan səhhətilə bağlı dediklərində aqressivlik hiss olunub. Həm də, məhkəməyə gətirilənə kimi gözləməsi, əsəb gərginliyi, hadisənin baş verməsilə yaranan həyəcan vəziyyətində də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Quba RPŞ-nin TB-nin təhqiqatçısı Emil Zülfüqarov ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində baş vermiş YNH-si ilə əlaqədar hadisə yerinə getdiyi zaman orda olan “Mercedes” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi özünü təqdim edən Bakı şəhər sakini Şəxs ucadan danışdığı üçün onu nizam-intizama dəvət edib, araşdırma ilə bağlı Quba RPŞ-nə dəvət edilmişdir. Şəxs Quba RPŞ-nin TB-nin xidməti iş otağına kobud şəkildə gələrək, ilk öncə izahatının alınmasını bildirib münaqişə yaratmışdır. RPŞ-nin xidməti otağında olan zaman Şəxs hərəkətlərini davam etdirib uca səslə danışaraq, ona göstərişlər vermiş iş fəailiyyətinə maneçilik törətmişdir. Eləcə də hadisə ilə əlaqədar digər şəxslərin də izahatının alınmasına maneçilik törədərək göstərişlər vermişdir. Onu nizam-intizama dəvət etdikdə Şəxs qəsdən onların qanuni tələblərinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, şöbədə birinci Elnurun izahatını, sonra onun, anasının və bacısının izahatını almışlar. Elnurun izahatı alınan vaxt o dəhlizdə gözləyib, həmin vaxt içəridən Elnurun bir qədər aqressiv danışdığı hiss olunmuş, o izahatını verdikdən sonra Elnur ona yaxınlaşıb, izahatını oxuduğunu soruşduğunda, o da təsdiqləmiş və bu vaxt təhqiqatçı X3 iş rejiminin pozmamasını bildirmişdir. Dəhlizdə və ya çöldə mübahisə etdiyini görməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, şahidləri dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, həmin Məcəllənin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli Qərarının 2-ci bəndinə əsasən ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İnzibati xəta haqqında protokolda və iş materiallarında olan digər sənədlərdə Şəxs xırda xuliqanlıq etməsi faktını təsdiq edən mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübut məhkəməyə təqdim edilməmişdir. Polis şöbəsinə dəvətlə və saxlanması ilə bağlı etiraz isə, xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən inzibati xəta kimi əməlin obyektini ictimai qayda təşkil edir və AR Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirliliyi sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, hazırki əməllər yalnız İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan - polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Şəxs Vətən müharibəsi iştirakçısı olmaqla “Müharibə veteranı” kimi 80 manat müavinət alır. Qeyd edilən hal və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsilə müəyyən olunmuş hal həmin Məcələnin 33.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ağırlaşdıran hal kimi müəyyən edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Beləliklə də, qeyd edilən Məcəlləsinin 33-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilməsini tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə 200 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-955/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-955/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver