Məhkəmə qərarları › İş №3(027)-973/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-973/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-973/2021 06.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Quba şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olan 17.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 17.11.2021-ci il tarixdə saat 11:13-də Quba şəhəri, H.Əliyev prospektində "xxxx" MMC-yə məxsus satış mərkəzində tibbi maska olmadan mağazada müştəri ərzaq alışı həyata keçirdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, "xxxx" MMC-yə məxsus satış mərkəzində tibbi maska olmadan mağazada müştəri ərzaq alışı həyata keçirtdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar