Məhkəmə qərarları › İş №3(027)-984/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-984/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-984/2025 27.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Quba RPŞ DYPBnin YPX inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* № li qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 07 oktyabr 2025-ci il tarixdə Quba şəhərində idarə etdiyi “Hyundai Elentra” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı-Quba-Rusiya yolunun 166-cı kilometrliyində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozmağıyla bağlı inzibati xəta haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razılaşmır, qərar qanunsuz və əsassızdır. Ona görə ki, avtomobiliylə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşı onu saxlayaraq Bakı-Quba-Rusiya yolunda hərəkətdə olan avtomobilə yol verməyərək hərəkətini davam etdirdiyini bildirmişdir. O isə həmin avtomobilin çox uzaqda olduğunu, onun hərəkətinun həmin avtomobilə maneə olmadığını, heç bir yol hərəkətini qaydasını pozmadığını bildirsə də, bunun heç bir əhəmiyyəti olmamış, barəsində inzibati xəta haqqında qərar qəbul etmişdilər. O hazırkı qərarla razılaşmır, məhkəməyə təqdim edəcəyi sübutlardan da aydın olacaq ki, o heç bir avtomobilə maneə yaratmamış, heç bir avtomobilin qarşısına çıxmamış, yol hərəkəti qaydasını pozmamışdır. Bununla bağlı yol patrul xidməti əməkdaşı heç bir sübut təqdim etməmiş, əgər var idisə qayda pozmağıyla bağlı video görüntüləri ona göstərilməmişdir. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* № li qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba rayonu YPX-nin inspektoru X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş, ərizədə göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar