Məhkəmə qərarları › İş №3(027)-986/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-986/2025

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-986/2025 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Qasımov X6 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5718/2022 nömrəli icra vərəqəsini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Protokola əlavə edilmiş arayışda göstərilmişdir ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5718/2022 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 386 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X3 verilməlidir. Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(008)-5718/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 2 uşağa görə 470 manat müəyyən olunmuşdur. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi tam şəkildə təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmış və borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İş üzrə borclu Şəxs aliment borcu üzrə bugənədək 9650 manat ödəniş etmiş, hal-hazırda 6425 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında X4 izahatında protokolu müdafiə edərək, şəxsin icra şöbəsində vaxtlı-vaxtında gəlmədiyini qeyd etmiş, əlavə olaraq məhkəmənin şəxsin barəsində axtarış elan edilməsi barədə qərarından sonra özünün də axtarışla bağlı qərar qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, onun məhkəmədən yayınmaq kimi bir məqsədi olmamışdır. Bir dəfə məhkəməyə gələndə ona deyilmişdir ki, artıq iclas bitmişdir. Oktyabr, noyabr və dekabr aylarında hər dəfə 300 manat məbləğində ödəniş həyata keçirmişdir. Lakin maddi vəziyyəti imkan vermir ki, bütün borcu ödəsin. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2438/2024 saylı icra vərəqəsinə əsasən Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5718/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində sabit pul məbləğində aliment tutulmalı, cavabdeh Şəxs, mediasiya xərci olaraq ödənilmiş 61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2438/2024 saylı icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 03 iyun 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-2438/2024 saylı icra vərəqəsi üzrə Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Həmin Qərarda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, hazırki vaxtadək borclu Şəxs hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, protokol tərtib edilən tarixə şəxsin aliment borcu 6425 manat təşkil etmiş, şəxsin qeyd etdiyinə əsasən son üç ayda hər ay 300 manat olmaqla ödəniş həyata keçirmişdir. Lakin qeyd edilməlidir ki, ödənilməyən borc məbləği kifayət qədərdir. Əlavə olaraq qeyd edilməlidir ki, şəxs ilkin məhkəmə iclasında ödənişlər həyata keçirəcəyini qeyd edərək məhkəmədən vaxt istəmişdir. Lakin daha sonra növbəti məhkəmə iclasına gəlməmiş, məhkəmə tərəfindən şəxsin məcburi qaydada gətirilməsi barədə 30 oktyabr 2025-ci il tarixli qərar və onun barəsində axtarış elan edilməsi barədə 08 dekabr 2025-ci il tarixli qərar qəbul edildikdən sonra şəxsin məhkəmədə iştirakının təmin edilməsi mümkün olmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən şəxsin müəyyən miqdarda ödəniş həyata keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2026-cı il, saat 18:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar