Məhkəmə qərarları › İş №3(027)-987/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-987/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-987/2021 29.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxx 1974-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Azərbaycan Respublikası Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X2 tərəfindən Şəxs barəsində 02.09.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətdilməsində özünü təqsirli bilərək, göstərmişdir ki, 25 iyun 2021-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi avtomaşınla Quba şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Meydan ərazisində idarəetməni itirmiş və avtomaşın sağ tərəfdə dayanan avtomaşınlara dəymişdir. Hadisə zamanı maşına tək olmuş və başından xəsarət alımışdır. Maşını idarə etməzdən əvvəl bir bakal pivə içmişdir. Əməlindən peşmandır, barəsində qanuni qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 334.1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin DYPBnə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İXP-4162655 saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 02.09.2021-ci tarixdə X4 protokol tərtib olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba rayon Polis Şöbəsinin TB-nın təhqiqatçısının qərarı 24 iyul 2021-ci il tarixdə çıxarılmışdır. Qanunvericiliyin tələbinə əsasən həmin qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək, yəni 24 oktyabr 2021-ci il tarixədək inzibati tənbeh verilməsi üçün aidiyyatı üzrə göndərilməli olduğu halda, həmin müddət ötürülmüş inzibati xəta haqqında protokol məhkəməyə 29.11.2021-ci il tarixdə göndərilmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar