Məhkəmə qərarları › İş №3(028)-149/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-149/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-149/2025 26.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində X4 Yanğın Nəzarəti İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı üzrə işə baxaraq, müəyyən etdi: X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə Qubadlı rayonu Zilanlı kəndində yeni tikilən yaşayış məntəqəsi üçün hazırlanmış layihə sənədləri YT baxımından DYNX ilə razılaşdırılmamış, tikinti meydançası və tikilməkdə olan binanın daimi təmiz saxlanılması yanar konstruksiyaların ən azı 50 metr məsafəyə daşınması, müəyyən edilmiş normalara müvafiq olaraq yanğın söndürmə vasitələrinin saz halda saxlanılması qaydalarına riayət edilməmiş, bu səbəbdən Şəxs MMC barəsində İXM-nin 518.3-cü maddəsinə əsasən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 vermiş olduğu izahatında bildirdi ki, tərtib edilmiş protokolla razı deyildir. Qeyd edir ki, həmin MMC-də sahə rəisi vəzifəsində çalışır. Şirkət Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi ilə məşğuldur. İzahatında bildirir ki, X4 Yanğın Nəzarəti İdarəsinin iki nümayəndəsi əraziyə baxış etmişdir. Akt barəsində məhkəməyə çağırılan zaman məlumatlı olmuşdurlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” görünür ki, Qubadlı rayonu Zilanlı kəndi ərazisində fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi ilə məşğul olan Şəxs MMC-də qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2025-ci tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. Qarabağ Regional DYNİ-nin 1167 saylı, xx.xx.2025-ci il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Şəxs MMC tərəfindən Qubadlı rayonu Zilanlı kəndi ərazisində fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, 0122 saylı “Yanğın-texniki müayinə” aktına əsasən Şəxs MMC tərəfindən Qubadlı rayonu Zilanlı kəndi ərazisində fərdi yaşayış evləri və qeyriyaşayış obyektlərinin tikintisi zamanı yeni tikilən yaşayış məntəqəsi üçün hazırlanmış layihə sənədləri YT baxımından DYNX ilə razılaşdırılmamış, tikinti meydançası və tikilməkdə olan binanın daimi təmiz saxlanılması yanar konstruksiyaların ən azı 50 metr məsafəyə daşınması, müəyyən eüdilmiş normalara müvafiq olaraq yanğın söndürmə vasitələrinin saz halda saxlanılması qaydalarına riayət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatını və iş materillarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyi üçün hüquqi şəxs barəsində İXM-nin 518.3cü maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam veriməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında inzibati xəta haqqında material tədqiq edilərkən hüquqi şəxs Şəxs MMC İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün hər hansı hal və ya sübut müəyyən edilməmiş və ya orqan həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, Qarabağ Regional DYNİ-nin mühəndis inspektrou X3 və böyük mühəndis inspektrou X5 tərəfindən Qubadlı rayonu Zilanlı kəndində “X6” aparılmasına dair 1167 saylı, xx.xx.2025-ci il tarixli akt tərtib edilsə də, həmin aktda barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hər hansı nümayəndəsinin əraziyə baxış keçirilməsində və ya müayinənin aparılmasında iştirakının təmin edilməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin aktın 13-cü bəndində “Sahibkarın və ya onun nümayəndəsinin imzası” hissəsində hər hansı qeyd aparılmamış, hətta imzalamaqdan imtina olunduğu halda bu barədə yoxlayıcılar tərəfindən müvafiq qeydlər edilməmişdir. Göründüyü kimi inzibati orqan formal məzmunlu akt tərtib etməklə məhkəmənin Şəxs MMC-nin İXM-nin 518.3-cü maddəsi ilə təqsirli hesab etməsinə nail olmağa çalışmışdır. Məhkəmə göstərilənlərə əsasən iş materialına əlavə edilmiş həmin aktı Şəxs MMC-nin təqsirli hesab edilməsi üçün sübut kimi qəbul etmir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 8, 53, 114-115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar