Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-201/2025 04.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Bəyistan oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində qəbul edilmiş qərarı qanunsuz və əsasız hesab edir. Belə ki, o xx.xx.2025-ci il tarixdə saat 01:13 radələrində “X5 1843” yük markalı, **-BH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Şabran rayonu, Mollakamallı kəndindən Bakı şəhəri istiqamətinə yola düşmüş, yolda olarkən elektron tərəzi sistemi vasitəsi ilə radara düşmüşdür. xx.xx.2025-ci il tarixdə 00:15 radələrində Quba rayonu, Qaraçay sahəsində yükləmə zamanı çəkidə 40 ton 180 kq çəki olduğu bildirilmişdir. Daha sonra sms radardan ona mesaj gəlmiş və mesaja əsasən cərimələndiyi görünmüşdür. Həmin hadisədən sonra 2 fərqli yerdə tərəziyə girib nəqliyyat vasitəsini yoxlanışdan keçirmişdir. Daha sonra ona məlum olmuşdur ki, bir yoxlanışda 40 ton 260 kq, digər yoxlanışda isə 40 ton 250 kq çəkidədir. Məlum olmuşdur ki, elektron tərəzi sistemi səhv göstərmişdir, yəni 43 ton göstərdiyinə görə 1200 manat cərimələnmişdir. Boşaltma tərəzi sistemində isə 40 ton 80 kq olduğunun onda sübutları var. Özünü həmin xətanın törədilməsində təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən X2 şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X5 1843” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 01:13-də Şabran royun, Mollakamallı kəndində Bakı istiqamətində (M-1 129-cu km-də) hərəkətdə olarkən İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törətməsinə görə X2 Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, çəki limiti 40.000 kq olsa da, nəqliyyat vasitəsinin faktiki çəkisi 43.000 kq olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tərəzi qəbzlərindən görünür ki, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi müvafiq olaraq 40.260 kq, 40.080 kq və 40.100 kq təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmiş və “X5 1843” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki çəkisinin 43.000 kq olması qeyd edilmişdir. Xətanın qeydə alındığı yolda isə çəki limiti maksimum 40.000 kq müəyyən edilmişdir. Lakin, həmin vaxt və “X5 1843” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və təqdim edilmiş sənədlərə əsasən ona yüklənmiş yükün ümumi maksimum çəkisinin 40.260 kq olması müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Göstərilən normaların dispozitiv şərtlərindən göründüyü kimi Azərbaycan Respublikası İXM-in 353.2 və 353.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq aşmağa görə yaranır. İndiki halda maksimum kütlə 40.000 kq müəyyən edilmiş, həmin kütlənin 5 faizi 2.000 kq təşkil edir. Yəni, müvafiq məsuliyyətin yaranması üçün nəqliyyat vasitəsinin ümumi kütləsinin 42.000 kq olması tələb edilir (40.000 kq + 2.000 kq = 42.000 kq). İndiki halda isə mübahisələndirilən qərar üzrə inzibati xəta hadisəsi qeydə alınarkən **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisinin 42.000 kq-dan artıq olmasını təqsdiq edən yetərli sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə prosesləri təyin edilməsinə, məhkəmə iclaslarının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana məlumat verilməsinə, eyni zamanda inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsinə əsas olmuş halların, nəqliyyat vasitəsinin çəkisinin hansı qaydada müəyyən edilməsi proseduru, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların, inzibati xəta aşkar edilərkən qeydə alınmış foto və video görüntülərin, həmçinin X1 barəsində daha öncə (il ərzində) Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarın surətinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə hər hansı sənəd və material təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsini və inzibati xəta ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları sübut etmək, bununla bağlı müvafiq sənədləri təqdim etmək qərar qəbul etmiş orqanın vəzifəsidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. İndiki halda yuxarıdakı abzasda göstərilən sənədlərin qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməməsini məhkəmə həmin sənədlərin və müvafiq sübutların mövcud olmaması kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması kimi qiymətləndirilməli, X1 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29080619 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(028)-201/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-201/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver