Məhkəmə qərarları › İş №3(028)-211/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-211/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-211/2025 21.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutuluş inzibati xətanın törədilməsi üçün həmin normada dispozitiv şərtlərdən biri kimi sağlamlığına yüngül zərərin vurulması göstərilmişdir. İndiki halda iş materiallarında işçinin sağlamlığına zərər vurulması barədə məlumatlar olsa da, sağlamlığa vurulmuş zərərin dərəcəsinin müəyyən edilməsi barədə ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sağlamlığa vurulmuş zərərin dərəcəsi müəyyən edilmədən iddia edilən inzibati xətanın törədilib-tördilməməsi qənaətinə gəlinməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, sağlamlığa vurulmuş zərərin dərəcəsindən asılı olaraq şəxsin əməli tövsif edilə bilər (müvafiq olaraq Azərbaycan Respublikası İXM-in 198.2, 198.3 və ya Azərbaycan Respublikası Cinayət Məcələsinin 162.1-ci maddəsi). Məhkəmə həmçinin qeyd edir ki, sağlamlığa vurulmuş zərərin dərəcəsi yalnız tibb sahəsində ekspert rəyi əsasında müəyyən edilə bilər. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — yalnız tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şərqi Zəngəzur Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar