Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-336/2025 24.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi ilə “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 539.3cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən (bundan sonra mətndə DƏMX) “X6 Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 539.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Qubadlı Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən vətəndaş X1 əmək hüquqlarının pozulduğunu bildirən müraciətinə baxmaq üçün müəssisənin ünvanına məktub göndərilərək, sənədlərin 07 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, sənədlər təqdim edilməmiş, nəticədə “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflərin nümayəndələri gəlməmiş, məhkəmə işə onların iştirakları olmadan baxılmasının mümkün olduğunu hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zaman “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi Bolat Gürsel izahatında bildirmişdir ki, protokol əsassız tərtib olunmuşdur və ləğv edilməlidir. Qeyd edir ki, səlahiyyətli orqan vətəndaş X1 əmək hüquqlarının pozulduğunu bildirən müraciətinə baxmaq üçün sənədlər istədiyini və onların həmin məlumat və sənədləri vaxtında təqdim etmədiklərini iddia edir. Halbuki müəssisəyə, nə elektron qaydada, nə də kağızdaşıyıcıda, ümumiyyətlə, belə bir sorğu daxil olmamışdır. Səlahiyyətli qurumun iş materiallarına əlavə etmiş olduğu EMS AZEREXSPRESSPOST kuryer xidmətinin “göndərişin izləmə çıxarışı”na nəzər yetirdikdə çatdırma cəhdinin uğursuz olduğu və göndərişin X3 Xidmətinə geri qaytarıldığı (xx.xx.2025-ci il) görünür. Çıxarışda geri qaytarılmanın səbəbi kimi ünvan məlumatlarının yanlışlığı əks olunur. Qeyd olunanları nəzərə alaraq DƏMX tərəfindən X6 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş MN ******* saylı protokolun ləğv edilməsi və iş üzrə inzibati icraata xitam verilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, əməldə inzibati xəta tərkibi yoxdur, bu səbəbdən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında mövcud olan və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müəssisəyə sorğu məktubu ilə müraciət edilərək, müvafiq sənədlər tələb olunsa da, təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nəsimi Məmmədbağırovun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid əmək müqaviləsinin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (son 6 ay), 7 (yeddi) iş günü ərzində X3 Xidmətinin Bakı şəhəri İdarəsinə təqdim edilməsi ilə əlaqədar 3-17- 5/2-80001/2025 nömrəli xx.xx.2025-ci il tarixli müvafiq sorğu məktubu “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Rəhbərliyinə göndərilmiş, lakin rəhbərlik tərəfindən bu günə kimi tələb olunan sənədlər təqdim edilməmişdir. Elektron sistemdən olan çıxarışdan görünür ki, məktub “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına çatmamış, X3 Xidmətinə geri qaytarılmışdır. “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş etirazdan görünür ki, səlahiyyətli orqan, vətəndaş X1 əmək hüquqlarının pozulduğunu bildirən müraciətinə baxmaq üçün onlardan sənədlər istədiyini və həmin məlumat və sənədləri vaxtında təqdim etmədiklərini iddia edir. Halbuki müəssisəyə, nə elektron qaydada, nə də kağızdaşıyıcıda, ümumiyyətlə belə bir sorğu daxil olmamışdır. Səlahiyyətli qurumun iş materiallarına əlavə etmiş olduğu EMS AZEREXSPRESSPOST kuryer xidmətinin “göndərişin izləmə çıxarışı”na nəzər yetirdikdə çatdırma cəhdinin uğursuz olduğu və göndərişin X3 Xidmətinə geri qaytarıldığı (xx.xx.2025-ci il) görünür. Çıxarışda geri qaytarılmanın səbəbi kimi ünvan məlumatlarının yanlışlığı əks olunmuşdur. Həmçinin etiraza əlavədə qeyd edilmişdir ki, iş materiallarında olan elektron məktubun icra tarixi kimi xx.xx.2025-ci il görünür. Müfəttişlik icra tarixinin bitməsini gözləmədən xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məktubun məzmunu da mübahisəlidir. Belə ki, müvafiq qurumun sorğusunun nədən ibarət olduğu görsənmir. Görünsə bələ, icra tarixi bitmədən məhkəməyə müraciət etməyi qanunvericiliyin tələblərinə ziddir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə məsuliyyət tədbiri nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası prinsipi) əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X6 Sanayi ve Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş MN ******* saylı Protokolun ləğv edilməsi və 3(028)-336/2025 saylı iş üzrə inzibati icraata xitam verilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan və düzgün müəyyən etmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xəta tərkibinin bütün əlamətləri və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2- 80001/2025 nömrəli səlahiyyətli şəxsin imzası olmayan məktubun surəti iş materiallarına əlavə edilsə də, həmin məktubun hüquqi şəxsə çatması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa elektron sistemdən sənəd göndərilməsi ilə bağlı çıxarış da iş materiallarına əlavə edilmiş, lakin həmin sənədin də hüquqi şəxsə çatması və müəssisə tərəfindən qəbul edilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına DƏMX tərəfindən ünvanlanmış zəruri məlumat və sənədlərin 07 iş günü ərzində təqdim edilməsi ilə bağlı məktub nə elektron, nə də kağızdaşıyıcıda müəssisəyə çatmamış, çatmasını təsdiq edəcək hər hansı tutarlı əsas mövcud olmamışdır. Bu nüans müəssisənin məhkəməyə ünvanladığı etirazda və müəssisənin nümayəndəsi Bolat Gürselin məhkəmə iclasında verdiyi izahatda da öz təsdiqini tapmışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM 539.3-cü maddəsinin dispozisiyasında göstərilən “zəruri olan məlumatların vaxtında təqdim edilməməsi” faktı müəyyən edilməmiş bu səbəbdən başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməldir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(028)-336/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-336/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver