Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-349/2025 17.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1, Rzayeva Lamiyə Azər qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32207985 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ 32207985 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarla Aqil Yunuszadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Aqil Yunuszadə məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində barəsində İXM-nin 330.0.1-ci maddəsi üzrə EQ 32207985 nömrəli protokol tərtib edilmişdir. Həmin qərara əsasən 50 manat məbləğində cərimə olunmuşdur. Mövcud kamera fotoları əsasında hesab edir ki, bu qərar əsassızdır və piyada keçidində qaydaları pozmamışdır. Vətəndaş o, keçidi keçdiyi anda ora addımlamışdır. Həmin protokolun qanunsuz hesab edilməsini və barəsində tərtib edilmiş cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Aqil Yunuszadə şikayəti müdafiə edərək bildirdi ki, piyada keçidində qaydaları pozmamış, keçidi keçdiyi anda vətəndaş keçidə addımlamışdır. Həmin an yaranmış vəziyyət əsasında ya dayanmalı, (tormoz verməli), ya da yoluna davam etməli idi. Ani dayanma isə arxadakı maşınlar üçün təhlükəli olduğundan öz yoluna davam etmişdir. Vətəndaşa maneə törətməmiş və o, piyada keçidi vasitəsilə hərəkətini davam etmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq Aqil Yunuszadə bildirmişdir ki, hadisə Sumqayıt şəhəri, Bakı küçəsi, Avtovağzal ərazisində baş vermişdir. AR DİN-nin BDYPŞ Yol Polisi İdarəsindən hadisə ilə bağlı videogörüntü istəsə də, ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən DİN Baş X9 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ 32207985 saylı, xx.xx.2025-ci il tarixli elektron qərarla Aqil Yunuszadə İXM-nin 330.0.1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuşdur. Qərara əlavə edilmiş BDYPİ tərəfindən qeydə alınmış foto şəkildən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:14:24-də “X8” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinə daxil olduqdan sonra, müvafiq olaraq piyada da keçidə daxil olmuş və hərəkətinə davam etmişdir. BDYPİ-dən işçi qaydasında əldə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 noyabr 2025-ci il tarixdə Bakı küçəsində Aqil Yunuszadənin idarə etdiyi X8 markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən piyada yolun sağ tərəfindən keçidə daxil olmuş, bu zaman piyada hərəkət istiqamətini və ya sürətini dəyişdirmədən öz hərəkətinə davam etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 330.0.1-ci maddəsinə əsasən Sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, tədqim edilmiş və məhkəmə tərəfindən əldə edimiş sübutları tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, videogörüntüyə baxış keçirilərkən piyadanın həmin an hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur edilməsi xüsusatı müəyyən edilmir, o, piyada keçidinə daxil olaraq eyni hərəkət sürəti ilə öz yoluna davam edir. Belə ki, həmin an Aqil Yunuzasə idarə etdiyi avtomobillə piyada keçidə kifayət qədər aralı məsafədən daxil olmuş, o da öz hərətinə heç bir maneə müşahidə etmədən piyada keçidi keçərək getmişdir. Belə ki, Aqil Yunuszadənin izahatında da qeyd etdiyi kimi o, keçidi keçdiyi anda vətəndaş keçidə daxil olmuşdur. Bu nüans DİN BDYPİ tərəfindən təqdim edilmiş foto şəkildən və işçi qaydasında əldə edilmiş videogörüntüdən də tam aydın görünür. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Aqil Yunuszadə barəsində BDYPİ tərəfindən qəbul edilmiş EQ 32207985 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 şikayəti təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə cərimə olunmasına dair DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmş EQ 32207985 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(028)-349/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-349/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver