Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-358/2025 26.01.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan X7 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan X7 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsinin MN ******* saylı, 24 dekabr 2025-ci il tarixli, inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan X7 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü və 264.0.3-cü maddələrinə əsasən tərtib edilmiş MN ******* saylı, 24 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Qubadlı Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Qubadlı şəhərində xx.xx.2025-ci il tarixdə məişət və tullantı sularının kənara təyinatsız axıdılması və su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş 8 saylı X6 bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, tərtib edilmiş protokolu müdafiə edir. Nazirlər Kabinetinin 295 saylı qərarının məzmunundan müəyyən olunur ki, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən sənaye (istehsalat) binalarında, yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələrində və bakterioloji laboratoriyalarda formalaşan çirkab suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra çirkab quyularına axıdılmalıdır. Məhkəməyə ünvanlanmış fotoşəkillərdən görünür ki, Şəxs ASC tərəfindən tullantı suları heç bir icazə alınmadan və qanunvericiliyin normaları pozularaq çayın mühafizə zonalarına axıdılmışdır. Əvvəllər su obyektlərinə dair müvafiq icazə və lisenziyalar digər müvafiq orqanlarla razılaşdırılmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyindən alınırdı. Prezidentin 01 aprel 2025-ci il tarixli, o cümlədən 685 saylı fərmanı ilə su qanunvericiliyinə müəyyən dəyişiklik edilmişdir. Belə ki, müəyyən səlahiyyətlər, eyni zamanda su obyektlərinə nəzarət edilməsi səlahiyyətləri AR X7 Agentliyinə ötürülmüşdür. Ümumiyyətlə Şəxs ASC tərəfindən hər hansı icazənin alınması üçün onlara müraciət olunmamışdır. İXM-nin 264.0.3-cü maddəsinə münasibətdə isə qeyd etmişdir ki, keçirilən nəzarət tədbirləri zamanı Bərgüşad çayının Qubadlı şəhəri ərazisindən keçən hissəsində, sağ sahilində Şəxs ASC-yə aid olan beton zavodu, qumçınqıl emalı karxanası, asfalt istehsalı zavodu və işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgələrin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı beton zavodun, qum-çınqıl emal karxanasının, asfalt istehsalı zavodunun sözügedən çaydan təxminən 70 metrə, işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgələrin isə 30 metrə qədər məsafədə yerləşməsi tərəflərindən müəyyən olunmuşdur. Qeyd etmişdir ki, Bərgüşad çayının mənbəyindən həmin obyektlərə qədər məsafə təxminən 120-130 km təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarına əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni 100 km-dən 200 km-dək olduqda 300 metr təşkil etdiyindən həmin obyektlər Bərgüşad çayının su mühafizə zonasına düşür. Həmçinin Şəxs ASC-yə aid olan işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgələrində formalaşan məişət və çirkab suları, habelə həmin ərazidə sözügedən ASC-yə məxsus avtomobillərin yuyulması zamanı əmələ gələn tullantı suları heç bir çirkab su təmizləmə qurğusundan keçirilmədən təyinatsız kənara axıdılır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X2 və Şəhərsalma Baş İdarəsinin rəisi cənab Qədir Babayevə ünvanlanmış məktubun məzmunundan görünür ki, hüquqi şəxslərin çay sahillərində yerləşməsi, onların düşərgələrinin qurulması digər müvafiq orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənir. Şəxs ASC ilə sözügedən orqan arasında bu məzmunda razılığın olubolmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitətəsinə ünvanlanmış sorğuya rəsmi cavab gəlməyib. Odur ki, işin qanuni həll edilməsini xahiş edir. Məhkəmə iclasında protokolu tərtib etmiş 8 saylı X6 bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, “X5 Xidməti” PHŞ ilə Şəxs ASC arasında bağlanmış müqavilədə əsasən su təchizatı ilə bağlı münasibətlər tənzimlənir. Müqavilənin şərtində qeyd olunmuşdur ki, “X5 Xidməti” kanalizasiya sistemlərinə axıdılan çirkab sularının tərkibini daim analiz edir və tullantı sularının kanalizasiya sistemlərinə axıdılmasını təmin edir. Lakin sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bərgüşad çayının uzunluğu təxminən 150- 200 kilometr aralığındadır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Agentliyi yanında Suların istifadəsinə və X1 Xidməti 8 saylı X6 Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında protokol” üzrə Şəxs ASC barəsində İXM-nin 262.2.3-cü və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qubadlı şəhəri ərazisində, xx.xx.2025-ci il tarixdə məişət və tullantı sularının kənara təyinatsız axıdılması və Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət etməməyə görə Şəxs ASC tərəfindən İXM 262.2.3 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan X7 Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsinin 08 dekabr 2025-ci il tarixli 008 nömrəli Sərəncamı əsasında Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonları ərazisində 05 gün müddətində monitorinq və nəzarət tədbirləri keçirilmişdir. 24 dekabr 2025-ci il tarixli 001613 nömrəli aktdan görünür ki, 08 dekabr 2025-ci il tarixli 008 nömrəli sərəncamına əsasən xidməti ərazi üzrə Qubadlı rayonunda Azərbaycan Respublikasının “Su Məcəlləsi və Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə "xxxx" MMC-nin mühəndisi X3 ilə birgə nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı Bərgüşad çayının Qubadlı şəhəri ərazisindən keçən hissəsində sağ sahilində hüquqi şəxs Şəxs ASC-yə aid olan beton zavodu qum-çınqıl emalı karxanası asfalt istehsal zavodu və işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgələrinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı beton zavodun qumçınqıl emalı karxanasının və asfalt zavodunun sözügedən çaydan təxminən 70 m-ə, işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgələrinin isə 30 m-ə qədər məsafədə yerləşməsi tərəflərindən müəyyən olunmuşdur. Qeyd edilir ki, Bərgüşad çayının mənbəyindən həmin obyektlərə qədər məsafə təxminən 120-130 km təşkil edir. Belə ki, Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının onlarınsahil mühafizə zolaqlarının ölçülərinin sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarına əsasən, çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni 100 km-dən 200 km-dək olduqda 300 m təşkil etdiyindən həmin obyektlər Bərgüşad çayının su mühafizə zonasına düşür. Həmçinin Şəxs ASC-yə aid olan işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgələrində formalaşan məişət və çirkab suları, habelə həmin ərazidə sözügedən ASC-yə məxsus avtomobillərin yuyulması zamanı əmələ gələn tullantı suları heç bir çirkab su təmizləmə qurğusundan keçirilmədən təyinatsız kənara axıdılır. Yerində çəkilmiş fotoşəkillər və bu fakt üzrə tərtib edilmiş aktı imzalamaqdan imtina barədə xx.xx.2025-ci il tarixli 007 nömrəli akt iş materiallarına əlavə olunmuşdur. “X5 Xidməti” PHŞ ilə Şəxs ASC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış və 2 il müddətinə qüvvədə olan müqavilənin 3.2-ci bəndindən görünür ki, müəssisə yəni “X4 Xidməti” PHŞ istehlakçının yəni Şəxs ASC-nin tələbatına uyğun məişət (təsərüffat) – içməli və istehsalat məqsədilə su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçilməsi barədə razılaşmışlar. Məhkəmə qanunun normalarını rəhbər tutaraq iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən İXM-nin 262.2.3-cü və 264.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sözügedən ərazidə salınmış düşərgənin kim və ya hansı müəssisə tərəfindən konkret olaraq harada salınması barədə hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hüquqi şəxsin İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsini aşağıdaki qaydada əsaslandırır. Belə ki, İXM-nin 264.0.3-cü maddəsinə görə su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə aşağıda qeyd edilərlərə əsasən hesab edir ki, Şəxs ASC-nin İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola hüquqi şəxsin təqsirliliyi ilə bağlı əlavə edilmiş fotoşəkillər həmin ASC-nin qeyd edilən maddə ilə təqsirli hesab edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, orqan inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi guya Bərgüşad çayının Qubadlı şəhəri ərazisindən keçən hissəsinin sağ sahilində hüquqi şəxs Şəxs ASC-yə aid olan beton zavodu, qum-çınqıl emalı karxanası, asfalt istehsal zavodu və işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgələrinin yerləşdiyi ərazinin sözügedən çaydan təxminən 70 m-ə, işçilərin yaşaması və fəaliyyəti üçün salınmış düşərgələrin isə 30 m-ə qədər məsafədə yerləşdiyinin müəyyən edildiyi, bu səbəbdən həmin obyektlərin çayın su mühafizə zonasına düşməsi əsası ilə 8 saylı X6 bölməsi tərəfindən guya bu faktı təsdiq edən bir sıra fotoşəkillər çəkilib materiala əlavə edilməklə hüquqi şəxsin əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışmışdır. Belə ki, iş mateallarına əlavə edilmiş “Qubadlı şəhəri ərazisində yerləşən Şəxs ASC-yə aid beton zavodu, qum-çınqıl emalı karxanası və Asfalt zavodunun su mühafizə zonasında yerləşməsinə dair” və o cümlədən “Qubadlı şəhəri ərazisində yerləşən Şəxs ASC-yə aid işçilərin yaşaması və fəaliyyət göstərməsi üçün salınmış düşərgəsində formalaşan məişət və tullantı sularının kənara axıdılmasına” dair şəkillərdə adı çəkilən müəssisə tərəfindən düşərgənin məhz mühafizə zonasında, yəni sahilə 300 metrdən az hissəsədə salınmasını təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Belə ki, Şəxs ASCnin mühafizə zonasında işlər aparılmasına dair fotoşəkillərdə işlərin məhz həmin müəssisə tərəfindən aparılması öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin təqsirliliyi məsələsi hazırki iş üzrə dəqiq ölçülər əsasında müəyyən edilməli olduğu halda 8 saylı X6 bölmə yerin həqiqi ölçülərini əks etdirən rəqəmsal xəritəni məhkəməyə təqdim etməmişdir. Halbuki, adi fotoşəkillərdən fərqli olaraq ortofotoda hər bir nöqtənin (x,y,z) koordinatı doğru göstərilir, bu da məsafələrin və sahələrin dəqiq ölçülməsinə imkan verir. Məhkəmə bu xüsusatla bağlı inzibati orqanın nümayəndəsinə əlavə sübutların təqdim edilməsinə imkan yaratsa da, hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq bir halı da qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati orqanın nümayəndəsi məhkəmə iclasında adı çəkilən hüquqi şəxs tərəfindən guya Bərgüşad çayının su mühafizə zolağında düşərgə salınmasına dair Şəxs ASC-nin icazə almadığını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, 8 saylı X6 bölmə xx.xx.2025-ci il tarixdə hüquqi şəxs barəsində İXM-nin 264.0.3-cü maddəsi ilə protokol tərtib etsə də, adı çəkilən orqan müəssisənin sahil mühafizə zonasında düşərgə salmasına dair icazəsinin olub-olmaması barədə araşdırma aparmamış və yalnız bundan təxminən 1 ay sonra xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Şərhərsalma və Arxitektura Komitəsi yanında X2 və Şəhərsalma Baş İdarəsinə sorğu vermiş, hətta məhkəmə araşdırması müddətində bu müraciətlərinə cavabın verilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 1304 nömrəli və “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma məsələlər haqqında” 12 avqust 2021-ci il tarixli 1423 nömrəli fərmanları ilə 1.1 və 3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinə və yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi müvəqqəqi olaraq Azərbaycan Respublikasının Dövlət Şərhərsalma və Arxitektura Komitəsi yanında X2 və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi 8 saylı X6 bölmə bu barədə əsaslı araşdırma aparıb müvafiq sübutları əldə etmədən Şəxs ASC barəsində qeyd edilən protokolu tərtib etmişdir. Şəxs ASC-nin İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə münasibətdə məhkəmə aşağıdakılərı qeyd edir. Belə ki, İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Bu hissədə məhkəmə qeyd edir ki, qeyd edilən maddə ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin şəxsin içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması faktı müəyyən edilməli idi. Göründüyü kimi 8 saylı X6 bölmə mənbəyi bilinməyən bir ədəd qara rəngli borudan sızıntı şəklində suyun axdığı təsvir olunan fotoşəkili iş materialına əlavə edərək həmin suyun məhz adı çəkilən müəssisə tərəfindən axıdıldığını iddia etmişdir. Halbuki həmin borunun məhz Şəxs ASC-yə məxsusluğu, o cümlədən mənbəyini düşərgədən götürməsi hər hansı mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə xüsusilə vurğulayır ki, 8 saylı X6 bölmənin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən müqavilədən “X5 Xidməti” PHŞ ilə Şəxs ASC arasında xx.xx.2025-ci il tarixdə 2 il müddətinə qüvvədə olan müqavilə bağlandığı müəyyən edilmişdir Belə ki, həmin müqavilənin 3.2-ci bəndindən görünür ki, müəssisə yəni “X4 Xidməti” PHŞ istehlakçının yəni Şəxs ASC-nin tələbatına uyğun məişət (təsərüffat) – içməli və istehsalat məqsədilə su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçilməsini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi 8 saylı X6 bölmə Şəxs ASC barəsində əsassız olaraq protokol tərtib etməklə müəssisənin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışmışdır. Halbuki həmin müqavilədə “X5 Xidməti” PHŞ-in Şəxs ASC tərəfindən axıdılan tullantı sularının fasiləsiz qəbulunu həyata keçirdiyi və bunun müqabilində həmin hüquqi şəxsdən razılaşdırılmış məbləğdə vəsait aldığı təsbit edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Suların İstifadəsinə və X1 Xidmətinin 8 saylı X6 bölməsi ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs ASC-nin İXM-nin qeyd edilən normalarıı ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə iş üzrə icraata xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC barəsində İXM-nin 262.2.3 və 264.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(028)-358/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-358/2025
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver