Məhkəmə qərarları › İş №3(028)-5/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-5/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-5/2022 21.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Ülvi Nadir barəsində Azərbaycan Respublikası Daxili İşlər Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ülvi Nadir yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Ülvi Nadir barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən 05.01.2022-ci il tarixli İXP4387811 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokolu tərtib edən Qubadlı Rayon Polis Şöbəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Qubadlı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Ülvi Nadirin inzibati xəta törətməsi sübuta yetirilir və o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati qaydada cəzalandırılmalıdır. İş materiallarında olan 03.09.2021-ci il tarixli EQ7664610 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Binəqədi şossesi Az Petrol YDM ilə zavodun arası Kənd Binəqədi istiqamətində 03.09.2021-ci il tarixdə saat 11:21 radələrində X2 minik markalı 99PR087 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Ülvi Nadir nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. 09.09.2021-ci il tarixli EQ7718960 saylı İnzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Bakı-20 yanvar istiqamətində 09.09.2021-ci il tarixdə saat 13:39 radələrində X2 minik markalı 99PR087 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin istifadəçisi Ülvi Nadir dayanma qaydalarını pozmuş, bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 29.11.2021-ci il tarixli qərarlardan çıxarışların surətlərindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə 23.11.2021-ci il və 29.11.2021-ci il tarixli qərarlara görə EQ7664610 və EQ7718960 saylı inzibati tənbeh vermə haqqında elektron protokollara əsasən Ülvi Nadirə məxsus X2 minik markalı 99PR087 dövlət qeyiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. 05.01.2022-ci il tarixli İXP4387811 saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Ülvi Nadir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Göstərilən hal inzibati xəta haqqında protokol və işin digər materialları ilə də sübut olundu. Bununla da Ülvi Nadir Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Ülvi Nadir həmin maddə ilə inzibati qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib qiymət verərək hesab edir ki, Ülvi Nadirin nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu və 529-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ülvi Nadir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar