Məhkəmə qərarları › İş №3(028)-52/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №3(028)-52/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(028)-52/2024 26.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X17 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X2, X1, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1985-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi, fərdi evdə məskunlaşan (tel: **********, FİN xxxxxxx) barəsində Sumqayıt Şəhəri üzrə İcra İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2006-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X7 verilməlidir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru bildirdi ki, borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini qanunun tələblərinə əməl etməyərək icra etməmişdir. Tələbkarın tələbinə əsasən hazırda onun 11400 manat aliment borcu vardır. Tələbkar borcun tam qaytarılmasını tələb edir. Məhkəmədə tələbkar X9 bildirdi ki, Şəxs ona aliment borcu var. Boşanma olmasına baxmayaraq, bu günədək birgə yaşayıblar. Uşaqların saxlanmasında gah köməklik edib, gah da yox. Dəqiq xərclədiyi məbləği bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbkarla nikahları pozulsa da, bügunədək övladları ilə birlikdə yaşayıb. Hər gün nə qazanıbsa, uşaqlarına xərcləyib və ölənəcən də onlar üçün çalışacağını qeyd etmişdir. İşsiz olub. Məşöulluq idarəsində uzun müddətdir ki, işsiz olaraq qeydiyyatdadır. Təzəlikcə yeni işə düzəlib. Məhkəmədən dediklərini nəzərə alaraq yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmədə müdafiəçi Şəxs izahatına uyğun ifadə verərək bildirdi ki, borclunun əməlində qərəzlilik yoxdur və hər iki tərəf birlikdə yaşadıqlarını bildirir. Buna əsasən borcluya yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından görünür ki, borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 11400 (on bir min dörd yüz) manat aliment borcu olduğu göstərilsə də, həmin borcun illər üzrə hansı məbləğdə yaranması, bu müddət ərzində borclu ilə tələbkar birgə təsərrüfat sürdüyü halda, borclunun uşaqların saxlanmasına hansı xərclər etdiyi araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanr tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Göstərilən hüququ yardıma görə cəmi 12 manat Dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar