Məhkəmə qərarları › İş №3(028)-66/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-66/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-66/2025 14.03.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə X2 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Xidməti tərəfindən EQ26355872 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Xidməti tərəfindən EQ26355872 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi vəsatətlə Məhkəməyə müraciət edərək onun şikayətinə Qubadlı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə 17:23-də Nərimanov küçəsində Mercedes Benz E280 minik markalı maşını nasaz vəziyyətdə olduğu üçün yolun qırağında saxlamışdır. Maşın avarini yanğılı vəziyyətdə saxlanılıb. 2-3 dəqiqə ərzində maşın işlək vəziyyətə gətirilib və maşını saxladıqları müddət ərzində maşının yanında atası X3 olub. Onlara 346.4-cü maddəsinə əsaslanılaraq 80 manat məbləğində inzibati cərimə yazılmışdır. Çıxarılan qərarla razı deyil. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXMin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Xidməti tərəfindən qəbul edilmiş EQ26355872 saylı xx.xx.2025 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 17:23-də Nərimanov küçəsində Mercedes Benz E280 minik markalı **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddəyə əsasən 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən: İ. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. İİ. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. İİİ. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə elə qoyula bilər ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu görə bilsin. İV. Əgər nəqliyyat vasitəsi qəza işıq siqnalı ilə təchiz edilməmişdirsə və ya bu siqnal saz deyildirsə, sürücü gecə vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yanıb-sönən qırmızı işıqlı portativ fənərdən istifadə edə bilər. Həmin fənər bu maddənin üçüncü hissəsinin tələblərinə uyğun quraşdırılır. V. Nəqliyyat vasitələri aşağıdakı qaydalara əməl edilməklə yedəyə alınır: 1) yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir; 2) yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında sürücü və ya müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi olan başqa şəxs əyləşməlidir; 3) yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır; 4) yedəyə alınan nəqliyyat vasitəsinin sürücüsü yedəyə alan nəqliyyat vasitəsi sürücüsünün siqnallarına uyğun siqnallar verməlidir; 5) nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır (yedəyə almaq üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitələrinin yedəyə alması halları istisna təşkil edir); 6) yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır; 7) yedəyə alma zamanı yedəyə alınan avtobusda, trolleybusda və yük avtomobilinin bort platformasında sərnişin daşınması qadağandır; 8) tormozu və sükanı nasaz olan nəqliyyat vasitələrinin yedəyə alınması onların tam və ya qismən yüklənməsi yolu ilə həyata keçirilməlidir; 9) birləşdirici hissə sərt yedəyə almada nəqliyyat vasitələri arasında ən çoxu 4 metr, elastik yedəyə almada isə 4 metrdən 6 metrə qədər məsafə qalmasını təmin etməlidir. Elastik yedəyə alma zamanı birləşdirici hissəsinin hər metri uyğun olaraq siqnal lövhəcikləri və ya bayraqcıqları ilə işarələnir. Vİ. Aşağıdakı hallarda yedəyə alma qadağan edilir: 1) buzlu yol şəraitində; 2) yedəyə almadan sonra ümumi nəqliyyat qatarının uzunluğu 24 metrdən artıq olduqda; 3) ikitəkərli motosikletlərlə və ya onları; 4) birdən artıq nəqliyyat vasitəsini. Məhkəmə hesab edir ki, X2 dayanmanın qadağan edildiyi yerdə idarə etdiyi nəqliyyat vasitəsinin 2-3 dəqiqə nasaz vəziyyətdə olması ilə əlaqədar dayanmasını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən şikayət ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət rədd edilsin. X2 barəsində Azərbyacan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Xidməti tərəfindən EQ26355872 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar