Məhkəmə qərarları › İş №3(028)-7/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-7/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-7/2022 04.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, vət. X5 – 19.09.1960-cı ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi, ev 3, yataqxana 6, mənzil 27-də məskunlaşan, Tel:055 ***-**-** X5 barəsində Azərbyacan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin TP4785626 saylı 27.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbyacan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin TP4785626 saylı 27.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X5 şikayətini müdafiə edərək bildirdi ki, 27.12.2021-ci il tarixdə 32 saylı xətt üzrə ** JU *** dövlət qeydiyyat nişanlı avtobusla xidmətdə olan zaman A.Cəlilov küçəsində hərəkətdə olarkən Mercedes benz markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtobusla yol nəqliyyat hadisəsi törətmişdir.Dönmə əməliyyatı edən zaman yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsi sağından yola daxil olub dönmək istəmişdir.Bu zaman həmin maşının yolunda olan nəqliyyat vasitəsi park etdiyi üçün avtobusu vurmuşdu.O, dərhal 102 xidmətinə və sığorta şirkətinə məlumat vermişdi.Hadisə yerinə gələn DYP əməkdaşı onu təqsirli bilmişdi.Ona telefonunda video göstərmişdi.O, telefonda olan videodan heç nə başa düşülmədiyini bildirmiş və sorğu verilməsini, avtobusun videogörüntüsünü tələb etməyi xahiş etmişdi.Videogörüntüyə baxıldıqdan sonra da o, təqsirli bilinmişdi. Bildirir ki, qanunvericiliyin tələblərinə əsasən qərarı ona 2 günə verilməli olduğu halda DYP tərəfindən 27 gün sonra təqdim edilmişdir.Hesab edir ki, hadisədə onun təqsiri yoxdur. Hadisənin videodiskini şikayətə əlavə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müdətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə Bakı şəhər X9 İdarəsinə məlumat verilsə də, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər.Belə olan halda məhkəmə işə Bakı şəhər X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir.Məhkəmə Bakı şəhər X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunan X3 dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X9 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş 27.12.2021-ci il tarixli TP4785626 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 27.12.2021-ci il il tarixli İXP4380989 saylı protokola və inzibati xəta hqqında işin materiallarına baxılaraq müəyyən edilmişdir ki, X5 27.12.2021ci il tarixdə saat 08:30-da A.Cəlilov küçəsində BMC Procity 12M avtobus markalı 99JU749 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona həmin maddəyə əsasən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən ərizəyə əlavə edilmiş onun idarə etdiyi nəqliyyat vasitəsinə quraşdırılmış kameranın çəkdiyi videogörüntülərindən görünür ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi ilə öz zolağı ilə hərəkət edən zaman Mercedes benz markalı ** CU *** dövlət qeydiyyat nişanlı minik maşını nəqliyyatın sıx axını olan yerdə, mürrəkkəb yolda sağ tərəfdən qəflətən surətlə ötmə hərəkətini etdiyinə və həmin nəqliyyat vasitəsinin qarşısında ağ rəngli maşın park etmiş olduğuna görə o, qaydanı pozaraq şikayətçinin maşınını sağdan sıxışdırmalı olmuş və nəticədə yol nəqliyat hadisəsi baş vermişdir.Bu halda hadisənin törədilməsində təqsir X2 deyil, məhz Mercedes benz markalı ** CU *** dövlət qeydiyyat nişanlı minik maşınını idarə edən şəxsdə olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu 51-ci maddəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Həmin maddənin İİ hissəsinə görə relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Həmin maddənin İV hissəsinə görə hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş qaydadı pozması faktını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələblərinə zidd olaraq, eyni səlahiyyətli vəzifəli şəxs tərəfindən həm inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmış, həm də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Şikayət təmin edilsin. X5 barəsində Azərbyacan Respublikası DİN-nin Bakı şəhər X9 İdarəsinin TP4785626 saylı, 27.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar