Məhkəmə qərarları › İş №3(028)-70/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-70/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-70/2022 01.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X2, Qubadlı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonu Yuxarı Mollu kəndində doğulmuş və orada qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşağı var, orta təhsilli, məhkumluğu olmayan, Polad yolda sürücü işləyir, Sumqayıt şəhəri, 26-cı məhəllə, “Xəzər” bağlarında məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qubadlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə şöbənin inzibati binasının yaxınlığında nəlayiq ifadələr işlədərək mübahisə etmişdir, polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qubadlı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə şöbənin inzibati binasının yaxınlığında nəlayiq ifadələr işlədərək mübahisə etmişdir, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Elnur İsayevlə gördükləri işlə bağlı Qubadlı rayonu Xanlıq kəndindəki polis postunun yaxınlığında öz aralarında mübahisə etmişlər, əsəbi olduqlarından söyüş söymüş, ünvansız nəlayiq ifadələr işlətmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq sakitləşmələrini və söyüş söyməmələrini bildirmişlər. Buna baxmayaraq onların mübahisələri davam etmişdir. Polis əməkdaşları onlara qanunun tələblərini izah etmişlər, lakin onlar əsəbi halda polislərə gedin işinizlə məşğul olun demişlər. Polislər onlara təkrar olaraq məsələni izah etdilər, onlarla birlikdə Qubadlı rayon Polis şöbəsinə getmələrini bildirmişlər. Onlar qanun tələblərinə məhəl qoymamış və getməkdən imtina etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, himayəsində 2 azyaşlı uşaqların olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi hesab olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi, məsuliyyəti ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətinə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Qubadlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar