Məhkəmə qərarları › İş №3(028)-83/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-83/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-83/2022 29.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qubadlı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli İXP4819882 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokolu tərtib edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlər şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Mercedes Benz ML350 minik markalı 90XR350 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs xx.xx.2022-ci il tarixdə xəta törətmiş və bu əsasda ona xx.xx.2022-ci il tarixdə İXP4633499 saylı protokol tərtib edilmişdir.Protokolda göstərilir ki, Şəxs durma qaydalarını pozmuşdur və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP4819882 saylı İnzibati Xəta haqqında Protokoldan görünür ki, Mercedes Benz ML350 minik markalı 90XR350 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP4633499 saylı protokol üzrə cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İş materiallarına əlavə edilmiş “E-manat” ödəniş sisteminin 124884 saylı xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs İXP4633499 saylı protokol üzrə 32 manat cərimə ödənişi etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 529.1-ci və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsə isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə, inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,106, 109, 114.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar