Məhkəmə qərarları › İş №3(028)-85/2023

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-85/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-85/2023 14.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 vəkili və nümayəndəsi Nümayəndəi iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X6 şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X2 vəkili və nümayəndəsi şikayətini müdafiə edərək bildirdi ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2023-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə əsaslanaraq 3000 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2023cü il tarixli qərarı hüquq normalarının pozulması ilə qəbul edildyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, həmin qərarda X2 "xxxx" ASC-nin layihə rəhbəri olaraq vəzifəli şəxs kimi qanunsuz olaraq yerin təkindən istifadə etməyi və qum-çınqıl daşımağına dair fakt əsas kimi göstərilmişdir. Bununla bağlı qeyd edir ki, "xxxx" ASC-də «layihə rəhbəri» ştatı üzrə vəzifə mövcud deyildir və X6 həmin cəmiyyətdə əmək müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən «iş icraçısı» vəzifəsində işləyir. Həmçinin 12 aprel 2023-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarda qeyd olunmuş faktlar, yəni qanunsuz olaraq yerin təkindən istifadə edilməsi və qumçınqıl daşınması halları mövcud olmamış və bu faktı təsdiq edəcək hər hansı sübut mövcud deyildir. Qeyd edir ki, "xxxx" ASC-nin fəaliyyət göstərmədiyi və Cəmiyyətin fəaliyyət göstərdiyi dövrdən əvvəl hərbi təminat yolları və digər hərbi məqsədlər üçün istifadə edilməsi ilə əlaqədar qazılmış sahə səhvən vəzifəli şəxs kimi tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə etməyi və qum-çınqıl daşımağı faktı kimi müəyyən olunmuşdur. Həmçinin qeyd edir ki, həmin sahədə fəaliyyətləri olmasına dair hər hansı sübut mövcud deyil və X2 iştirakı ilə qeyd olunan faktı təsdiq edən hər hansı protokol və Akt tərtib edilməmişdir. Eyni zamanda qeyd edir ki, inzibati xəta haqqında işə baxılıb qərar qəbul edilərkən, inzibati işə baxılması zamanı X3 qanunla müəyyən edilmiş qaydada və müddətdə məlumat verilməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Qeyd olunan əsaslara görə də hesab edir ki, 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2023-cü il tarixli, MN ******* №-li «inzibati tənbeh vermə haqqında» qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsin vəkili və nümayəndəsini dinləyib, şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilərək 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı, 12 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, "xxxx" ASC-nin layihə rəhbəri X2 Qubadlı rayonu Qubadlı şəhəri yaxınlığında xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq yerin təkindən qum-çınqıl daşıması faktı müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən X6 vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materialında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 12 sayı əmrindən görünür ki, "xxxx" ASC X4 xx.xx.2020-ci il tarixindən iş icraçısı vəzifəsi üzrə işə qəbul etmişdir. İşçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. Məhkəmə qeyd edr ki, "xxxx" ASC-nin layihə rəhbəri X2 Qubadlı rayonu Qubadlı şəhəri yaxınlığında xx.xx.2023-cü il tarixdə qanunsuz olaraq yerin təkindən qum-çınqıl daşıması faktı müvafiq foto və video çəkişlərlə, baxış aktları və ziyanın hesablanması cədvəli ilə təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən,inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 228-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X6 öz təqsirsizliyini sübuta yetirməli deyil. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 12 aprel 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar