Məhkəmə qərarları › İş №3(028)-86/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-86/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-86/2025 30.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X24 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Qubadlı rayon Prokurorunun köməkçisi X10 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 198.2-ci maddəsinə əsasən Şəxs barəsində Qubadlı rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı rayon prokuroru Emil Kərimovun xx.xx.2025-ci il tarixli qərarı Şəxs barəsində İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən vəzifəli şəxs Şəxs “İstehsalat avadanlıqları, ümumi təhlükəsizilik tələbləri, 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin və “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə”-nin 4, 6-cı bəndlərinin tələbini pozaraq X6 təlimatlandırılmadan, biliklərini yoxlamadan işə buraxdığına, eləcə də tikinti sahəsində istifadə olunan avadanlığın təhlükəsizliyinin təmin edilməsi üçün (mühafizəedici) vasitələri tətbiq etməyinə görə xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qubadlı rayon, Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində çalışarkən armaturəyən makinadan çıxan dəmir Rahim Abbasovun ağız nahiyyəsinə dəyməsi nəticəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid alt dodağında əzilmiş yara və alt çənəsində sol 1-2-3-cü dişlərin sınığı xəsarətini almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Qubadlı rayon Prokurorunun köməkçisi X18 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək izahatda barəsində protokol tərtib edilmiş vəzifəli şəxs Şəxs inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də barəsində protokol tərtib edilmş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati araşdırma aparmış prokurorun köməkçisinin izahatı, X11, Şəxs, X12, X13, X9 izahatları, xx.xx.2025-ci il tarixli, 19/25 nömrəli məhkəmə-tibbi ekspertizasının, xx.xx.2025-ci il tarixli, 10-993 nömrəli əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyləri, həmçinin iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Araşdırma zamanı X11 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər Şəxs tərəfindən dəmirçi olaraq işə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qubadlı rayonunun Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində armaturəyən makinada çalışırarkən ehtiyatsız davrandığından dəmir parçası makinadan çıxaraq çənə nahiyyəsinə dəyərək ona xəsarət yetirmişdir. X12 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən Qubadlı rayonunun Mahruzlu kəndi ərazisində yerləşən tikinti sahəsində “SƏTƏMM” olaraq çalışır. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qubadlı rayonunun Mahruzlu kəndi ərazisində tikinti sahəsində işçilərə nəzarət etmək məqsədi ilə gəzərkən Rahim Abbasovun xəsarət aldığını görmüşdür. O, zərərçəkəni dərhal idarə etdiyi avtomobilə əyləşdirərək həkimə apardığı zaman Abbasovdan hadisənin necə baş verdiyini soruşduqda sonuncu ona armaturəyən makina ilə diqqətsiz və ehtiyatsız davranaraq dəmiri düzgün yerləşdirmədiyindən dəmirin makinadan çıxaraq ağız nahiyyəsinə dəydiyini bildirmişdir. X13 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qubadlı rayonunun Mahruzlu kəndi ərazisində, tikinti sahəsində Nurlan və Rahimlə birgə çalışarkən armaturəyən makina nasaz olduğundan makinadan çıxan dəmir Rahim Abbasovun ağız nahiyyəsinə dəyərək xəsarət yetirmiş, inşaat sahəsində çalışan işçilər xüsusi geyim vasitələrindən yalnız əlcəklə təmin olunmuşlar. X2 Nağıyevlə oxşar məzmunlu izahat vermişdir. Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Əfqan Astanov ona zəng edərək Qubadlı rayon, Mahruzlu kəndi ərazisində olan layihədə dəmirçi vəzifəsində çalışan Rahim Abbasovun armaturəyən makina ilə işləyərkən ehtiyatsız davrandığından ağız nahiyyəsindən xəsarət aldığını bildirmişdir. X3 Sistemindən edilmiş çıxarışdan görünür ki, X7 əmək müqaviləsində vəzifəsi ixtisassız fəhlə olaraq qeyd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 19/25 nömrəli rəyindən görünür ki, ekspertiza zamanı Rahim Abbasovun bədəni üzərində bərk küt əşyanın təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “alt dodağın əzilmiş yara və alt çənənin sol 1-2-3-cü dişlərin sınığı” xəsarəti aşkar olunmuşdur. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10-993 nömrəli rəyindən görünür ki, Rahim Abbasov təlimatlandırılmadan, bilikləri yoxlanılmadan işə buraxıldığına, eləcə də tikinti sahəsində istifadə olunan avadanlığın təhlükəsizliyinin təmin edilməsi üçün (mühafizəedici) vasitələr tətbiq olunmadığına görə, hadisənin baş verməsi ilə əlaqədər “İstehsalat avadanlıqları. Ümumi təhlükəszilik tələbləri, 12.2.003-91 DÜST”-ün 1.2 bəndinin və “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə”nin 4, 6-cı bəndlərinin tələbi pozulmuşdur. Qubadlı rayon prokurorluğunda həmin rayonun Mahruzlu və Zilanlı kəndlərinin tikintisini həyata keçirən podratçı şirkət "xxxx" MMC-nin subpodratçısı X4 əri, əmək müqaviləsi bağladığı Şəxs sahə rəisi kimi rəhbərlik etdiyi tikintidə dəmirçi işləyən Sabirabad rayon sakini Rahim Abbasovun iş zamanı xəsarət alması, habelə işçilərin əmək haqlarının ödənilməməsi faktları ilə bağlı olan 01/C-25 nömrəli materialın araşdırılması zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olan Şəxs tərəfindən pozulması nəticəsində Rahim Abbasovun sağlamlığına yüngül zərər vurulması müəyyən olunmuş və həmin hadisədə İXM-nin 198.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğu üçün rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən İmran Mirzəyevin xx.xx.2025-ci il tarixli təqriri əsasında ayrılmış materiallar “İnzibati xətalar haqqında başlanılmış işlər üzrə icraat” kitabında qeydiyyata alınmışdır. X12 barədə “EPİS” modulundan edilmiş çıxarışdan müəyyən edilmişdir k, əmək müqaviləsində onun vəzifəsi ixtisassız fəhlə olaraq qeyd edilmiş, bu səbəbdən Əfqan Astanov “SƏTƏMM”-in vəzifələri olan işçiləri təlimatlandırma eləcə də, əməyin mühafizəsini təşkil etmə vəzifələrini icra edə bilməməsi müəyyən edilmiş, nəticədə həmin layihədə "SƏTƏMM” vəzifəsində çalışan şəxsin olmadığı, yanlız daha yüksək vəzifədə sahə rəisinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən işçilərin təlimatlandırılması, eləcə də əməyin mühafizəsinin təşkil edilməsi sahə rəisinin, yəni Şəxs vəzifəsi hesab edilmişdir. AG-SPQ-Z-05/24 saylı xx.xx.2024-cü il tarixli Subpodrat müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru X15 (podratçı) fiziki şəxs kimi fəaliyyət göstərən X8 ilə (subpodratçı) Qubadlı layihəsi üzrə subpodrat müqaviləsi bağlamışdır. X3 Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən iş yeri X1 rəisinin müavini - sahə rəisi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Beləliklə göründüyü kimi Şəxs İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İş üzrə məsuliyyəti istisna edən yaxud icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan Rahim Abbasovun sağlamlığına yüngül zərər vurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci bəndinin 5-ci yarımbəndinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17-ci maddəsinin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 32 və 33-cü maddələrinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-in 198.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərcləri dövlətə aid edilməlidir. Belə ki, İXM-in 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar