Məhkəmə qərarları › İş №3(028)-95/2022

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №3(028)-95/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(028)-95/2022 04.11.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X10 oğlunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon Ərazi Şöbəsinin MN1296200 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati qərar çıxarılan şəxs X10 oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X10 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, MN1296200 saylı xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati qərar çıxarılan şəxs X10 oğlunun vəkili və nümayəndəsi şikayəti müdafiə edərək bildirdi ki, 2022-ci ilin sentyabr ayında X10 oğlu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsi tərəfindən barəsində xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 600 manat məbləğində cərimə olunmuşdur. Lakin barəsində aparılmış sözügedən inzibati xəta haqqında iş üzrə icraatdan məlumatı olmamış və inzibati xəta haqında protokol və həmin inzibati tənbeh vermə haqqında qərar X10 oğluna təqdim olunmamışdır. Bununla əlaqədar olaraq X10 oğlunun nümayəndəsi olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsinə müraciət edərək X10 oğlu barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təqdim edilməsini xahiş etmişdir.Həmin müraciətə xx.xx.2022-ci il tarixli, **********86 nömrəli cavab məktubunda X10 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2022- ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduğu və həmin Məcəllənin 114-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Qərar qəbul edilərək 600 manat cərimə tətbiq edildiyi bildirilmiş, həmçinin qeyd edilmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə vətəndaşın qeydiyyat ünvanına bildiriş, protokol və qərar göndərilmişdir. Poçt vasitəsilə xəbərnaməli göndərilən məktublardan bildiriş və protokol “ünvan düz deyil” qeydi ilə geri qaytarılmış, lakin inzibati tənbeh vermə haqqında qərar vətəndaş Eyvazov Ağa tərəfindən qəbul edilmişdir.Qeyd olunan məktubla barəsində tərtib edilmiş bildiriş və protokol X10 oğluna təqdim edilmişdir. Bundan sonra X10 oğlu barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarın ona çatdırılmadığı, onu almış Eyvazov Ağa adlı şəxsi tanımadığı əsas gətirilərək yenidən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsinə müraciət edərək həmin qərarın müvafiq qaydada təsdiq edilmiş surətinin təqdim edilməsini xahiş etmiş və həmin inzibati orqanın xx.xx.2022-ci il tarixli **********86 nömrəli cavab məktubu ilə barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarın surəti ona təqdim edilmişdi. Qeyd olunan inzibati xəta haqqında qərardan görünür ki, sözügedən inzibati orqan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 0,034321 ha torpaq sahəsində tikinti aparmaqla torpağın münbit qatının korlandığını əsas gətirərək X10 oğlu barəsində Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh olaraq 600 manat cərimə olunması barədə qərar qəbul etmişdir. Hesab edir ki, X10 oğlu barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və ona görə də qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X10 oğlu barəsində inzibati xəta haqqında icraat aparılarkən ona məlumat verilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, **********86 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə vətəndaşın qeydiyyat ünvanına bildiriş, protokol və qərar göndərilmişdir. Poçt vasitəsilə xəbəmaməli göndərilən məktublardan bildiriş və protokol “ünvan düz deyil” qeydi ilə geri qaytarılmış, lakin inzibati tənbeh vermə haqqında qərar vətəndaş Eyvazov Ağa tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar olaraq bir daha bildirir ki, X10 oğlu Eyvazov Ağa adında şəxsi tanımır və həmin şəxs ona aid protokolu qəbul etmişdirsə də onu ona təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. X10 oğlu barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, guya o, xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən və xüsusi mülkiyyətində olan 0,034321 ha torpaq sahəsində tikinti aparmaqla torpağın münbit qatını korlamaqla AR İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Halbuki həmin torpaq sahəsi X10 oğlunun xüsusi mülkiyyətində olsa da, tərəfindən həmin torpaq sahəsində heç bir tikinti işi aparılmamışdır. Belə ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi X7 tərəfindən zəbt edilərək həyətyanı sahəsinə qatılmış, digər hissəsi isə X9 tərəfindən zəbt edilərək orada sonuncu tərəfindən fərdi yaşayış evi tikilməyə başlanmışdır. Bununla əlaqədar olaraq X10 oğlu dəfələrlə müxtəlif orqanlara, o cümlədən ƏMDK-nə və Abşeron rayon polis idarəsinə şikayətlər etsə də, heç bir nəticəsi olmamış və həmin şəxslərin qanunsuz hərəkətlərinə son qoyulmamışdır. Belə ki, ƏMDK-nə ünvanlanmış müraciətlərinə ümumiyyətlə heç bir cavab verilməmiş, Abşeron rayon Polis İdarəsində isə müraciətləri ilə bağlı 1-ci dəfə xx.xx.2018-ci il tarixdə, 2-ci dəfə isə xx.xx.2019-cu il taixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan da görünür ki, X8 Xaqani Bəkir oğluna məxsus sözügedən torpaq sahəsində fərdi yaşayış evinin onun tərəfindən inşa olunduğunu etiraf etmiş, lakin guya bunu qəsdən etmədiyini bildirmişdir. Göründüyü kimi X10 oğlu heç bir qayda pozuntusuna yol verməmiş və barəsində əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə nümayəndəsi vasitəsilə X10 oğluna təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi Şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 133.2.4-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati qərar çıxarılan şəxsin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,034321 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparmaqla torpağın münbit qatını korlamışdır.X6 Bəkir oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 26 may 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində mülkiyyətində olan 0,034321 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti aparmaqla torpağın münbit qatını korlamışdır. X6 Bəkir oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Buna görə barəsində inzibati cərimə - 600 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən iİnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 04 mart 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 20 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 77, ev 35-də yaşayan X1 RPİ-nə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ona məxsus 0,034321 ha torpaq sahəsinin qonşusu tərəfindən zəbt edilərək fərdi yaşayış evi tikdirdiyini bildirmiş və bununla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd olunan ərazidə X2 məxsus 0,034321 ha, X5 məxsus 0,03 ha, X4 məxsus 0,0128 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahələri onlara verilərkən ölçülüb işarələnmədiyinə görə X9 ona verilmiş həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən X2 məxsus torpaq sahəsinin bir hissəsini özünə aid torpaq sahəsi hesab edərək yeni evini həmin sahədə inşa etmiş, bu səbəbdən tərəflər arasında narazılıq yaranmış, X3 torpaq sahəsinin ona məxsus olduğunu bildirib Aidə Verdiyevadan inşa etdiyi evini sökməsini tələb etsə də, sonuncu onun da həmin torpaq sahəsinə aid sənədi olduğunu bildirərək evi sökməkdən imtina etmişdir.Toplanmış materiallarından göründüyü kimi X15 Allahverdiyevə məxsus torpaq sahəsini qəsdən zəbt edərək orada fərdi yaşayış evi inşa etməmişdir.Bu da onun əməllərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkib əlamətləri olmasını istisna edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi Şöbəsinin **********86 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, X10 oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli Qərar qəbul edilərək 600 (altı yüz) manat cərimə tətbiq edilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə vətəndaşın qeydiyyat ünvanına bildiriş, protokol və qərar göndərilmişdir. Poçt vasitəsilə xəbərnaməli göndərilən məktublardan bildiriş və protokol “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmış, lakin inzibati tənbeh vermə haqqında qərar vətəndaş Eyvazov Ağa tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0,034321 ha kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi xx.xx.2012-ci ildən tam mülkiyyət hüququ ilə X10 oğluna məxsusdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şikayətə əlavə edilmiş 04 mart 2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cərimə tətbiq olunmaya səbəb olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç mülkiyyətçisi - X10 oğlu, X7 və X9 vardır. Eyni zamanda həmin inzibati xəta hadisəsinin baş verməsi - yəni məhz X10 oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbit qatının korlanması faktını təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X10 oğlu barəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron rayon Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN1296200 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar