Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-10/2022 13.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1981-ci ildə Qusar rayonu Gican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs oğlu 12.01.2022-ci il tarixdə sahiblik etdiyi Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində keçirilən toy mərasimində qeydiyyata alınan 150 nəfərdən əlavə olaraq 50 nəfər şəxsin iştirak etməsinə şərait yaratmışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən polis leytenentı İsmət Səfərov tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə 13 yanvar 2022-ci il tarixli MN 1120975-12 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilmiş və izahatında göstərmişdir ki, o, həqiqətən də 12.01.2022-ci il tarixdə sahiblik etdiyi Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində keçirilən toy mərasimi təşkil etmiş, həmin toy şənliyi həmin gün saat 12:00-dan 19:00-a dək davam etməli olmuşdur. Həmin gün saat 12 radələrində toy şənliyində 150 nəfər şəxs iştirak etmiş, saat 14 radələrində isə həmin şəxslərdən 70-80 nəfəri toy şənliyini tərk etmiş və bundan sonra şadlıq evinə 40-50 nəfər şəxs daxil olmaqla toy şənliyində iştirak etmişdir. Həmin gün toy şənliyində cəmi 180-190 nəfər şəxs iştirak etmişdir. O, hesab etmişdir ki, toy şənliyinə bir yerdə 150 nəfərdən artıq şəxs iştirak edə bilməz, bu səbəbdən də bəzi şəxslər toy şənliyini tərk etdikdən sonra şadlıq evinə toy şənliyində iştirak etmək üçün əlavə 40-50 nəfər adam buraxmışdır. Həmin sarayı əvvəllər atası idarə etmiş, atası öləndən sonra isə anası Gülbiçənin idarəçiliyinə keçmiş, daha sonra anası ona həmin sarayın idarə edilməsi üçün etibarnamə vermiş və sarayın idarəçiliyini o, təşkil etmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin PPX-nin xidməti bölüyünün polis nəfəri X5 izahatında göstərmişdir ki, o, 12 yanvar 2022-ci il tarixdə Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində keçirilən toy mərasimi ilə bağlı vətəndaşların “COVİD-19” pasportunun olub-olmamasını, həmçinin portala uyğun sayın olub-olmamasını yoxlamışdır. Həmin gün saat 12 radələrində toy şənliyinə 148 nəfər şəxs gəlmiş, onları yoxlamaqla şənliyə buraxmış, saat 14 radələrində isə şənliyə əlavə 87 nəfər şəxs gəlmişdir. O, vətəndaşlara toy şənliyində 150 nəfərdən artıq şəxsin iştirak edə bilməməsini bildirmiş, həmin şəxslər isə toy sahibinin onları toy şənliyinə çağırdıqlarını bildirərək şənliyə daxil olmuşlar. Daha sonra o, bu barədə rəhbərliyə məruzə etmiş, aşkar olunan hallarla bağlı video və fotoşəkillər çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin PPX-nin xidməti bölüyünün polis nəfəri X3 izahatında şahid X4 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materialarında olan X1 izahatından görünür ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Kuzun kəndində yaşayır. 12.01.2022-ci il tarixdə Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində qızı Rozanın toy şənliyini təşkil etmişdir. O, toydan əvvəl şadlıq evinin sahibi ilə razılığa gələrək qeydiyyata alınan 150 nəfərdən artıq qonaqların toyda yerləşməsini bildirmişdir. Şadlıq evinin sahibi Namidar onunla razılığa gələrək toya əlavə gələn 40-50 nəfərin toyda iştirak etməsinə şərait yaratmışdır. Bununla da onun qızı Rozanın toyunda ümumilikdə 200 nəfərdən artıq şəxs iştirak etmişdir. Ona görə də polis əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı toyda karantin rejiminin tələblərinin kobud şəkildə pozlduğunu aşkar etmişlər. O, dərk edir ki, xüsusi karantin rejiminin tələblərinə müvafiq olraq toy mərasiminndə 150 nəfərdən artıq şəxsin iştirakı qadağandır. İş materiallarında olan fotocədvələ və SD diskə baxış zaman toy şənliyində xeyli şəxslərin sıx halda iştirak etmələri müəyyən olunur. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş, 13 yanvar 2022-ci il tarixdə saat 10:30-da azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Qərarının 1.4-cü bəndinə əsasən aşağıdakı dəyişikliklər əlavə edilmişdir: “2.5-3. 2021-ci il 1 iyul tarixindən aşağıdakı tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir: 2.5-3.1. şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 2.5-3.3. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; 2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir; 2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir; 2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; 2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir; 2.5-3.8. bu Qərarın 2.5-3.1-2.5-3.7-ci bəndlərinin tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır; 2.5-3.9. ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVİD-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir; 2.5-3.10. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər”. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs oğlunun 12.01.2022-ci il tarixdə sahiblik etdiyi Qusar şəhərində yerləşən “Məryəm” şadlıq evində keçirilən toy mərasimində qeydiyyata alınan 150 nəfərdən əlavə olaraq 50 nəfər şəxsin iştirak etməsinə şərait yaratması, bununla da, xüsusi karantin rejimi qaydalarını pozmaqla həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxs İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, müəyyən olunmuşdur ki, Şəxs oğlu fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçməmiş, fərdi sahibkar deyil, VÖEN-i yoxdur, həmin şadlıq evini etibarnamə əsasında idarə etmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq aşağı həddə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən-yəni əhalinin sanitariya-gigiyena və sanitariyaepidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətaların və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Şəxs oğlunun 12 yanvar 2022-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 07 (yeddi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 13 yanvar 2022-ci il tarixdən saat 15:28-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-10/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-10/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver