Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-101/2021 11.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1992-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 207 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 15:30 radələrində Qusar RPŞnin NMQ-nun əməliyyat müvəkkilləri Murad Osmanov və Nəriman Müzəffərovun tibbi müayinədən keçmək tələbinə tabe olmamış, aqressivlik göstərmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 207 və 535.1-ci maddələri ilə xx xxxx 2021-ci il tarixli MN 0651986-223 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx xxxx 2021-ci il tarixdə taksi ilə şəxsi işləri ilə bağlı Xaçmaz rayonu Yalama qəsəbəsinə getmiş, həmin taksi avotomobili ilə geri qayıdarkən Qusar şəhərinin girişində YPX əməkdaşları avtomobili saxlamış, heç bir səbəb göstərmədən qanunsuz olaraq onu və sürücünü polis şöbəsinə aparmışlar. Orada ondan əsassız olaraq tələb etmişlər ki, Quba rayon Mərkəzi Xəstəxanasında narkotik vasitədən istifadə edib-etməməsini müəyyən etmək üçün tibbi müayinədən keçsin. Bundan əvvəl də polis işçiləri tərəfindən şər-böhtan atılaraq o, 2 dəfə tibbi müayinədən keçirilmiş və ona görə də, tibbi müayinədən keçməkdən imtina etmiş, onu müayinədən keçmək üçün Bakı şəhərində yerləşən narkoloji dispanserə göndərmələrini xahiş etmişdir. O, bildirmişdir ki, rəsmi qaydada dispanserdə qanından nümunə götürülməklə analiz versin və əgər narkotik vasitədən istifadə etməsi müəyyən olunarsa, məsuliyyətə cəlb olunsun və ona qarşı polis tərəfindən olan bu təqiblərə son qoyulsun. Onun heç bir günahı yoxdur, narkotik vasitələrdən istifadə etmir. Əsassız olaraq azadlıq hüququ pozulmuşdur. O, həmçinin polis əməkdaşlarına bildirmişdir ki, polis əməkdaşları tərəfindən təsirlər olduğuna görə Quba və Qusar rayon Xəstəxanalarına inanmır, ona görə də tibbi müayinədən keçmək istəmir, materialı araşdırma aparılması üçün məhkəməyə göndərsinlər ki, məhkəmə onu tibbi müayinə üçün Bakı şəhərinə göndərsin. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, onların hər hansı qanuni tələblərinə tabesizlik göstərməmiş, hesab etmişdir ki, onun tibbi müayinədən keçirilməsinə heç bir əsas və şübhə olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X4 izahatında göstərmişdir ki, Ruslan Xasiyevin barəsində narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat keçirilmiş, Ruslan Xasiyevin idarə etdiyi avtomobil Qusar şəhərinin girişində saxlanılmış, həmin şəxslə avtomobildə sərnişin olan Şəxs polis şöbəsinə aparılmışlar. Həmin vaxt avtomobilin üzərində taksi işarəsi olmamışdır. Əməliyyat barədə qərar qəbul edilməmiş, proseslər anidən baş vermiş, bu səbəbdən də, eyni vaxtda həm qərar qəbul edilməsi, həm də əməliyyat keçirilməsi mümkün olmamışdır. Şəxs şöbədə onu nə üçün oraya gətirdiklərini, ikinci dəfədir ki, gətirildiyini deyərək etirazını bildirmiş, lakin müqavimət göstərməmiş, söyüş söyməmiş, sadəcə olaraq narazılığını bildirmişdir. Bundan sonra Mumin tibbi müayinədən keçirilməsi üçün Quba rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada “analizdən keçmirəm deyərək” tibbi müayinədən imtina etmişdir. Mumin əvvəllər İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğuna görə onun narkotik vasitədən istifadə etməsi barədə şübhə yaranmış, ona görə də, həmin şəxs tibbi müayinəyə aparılmışdır. Məhkəmə iclasında Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili X1 izahatında göstərmişdir ki, Ruslan Xasiyevin barəsində əməliyyat məlumatı olmuş, Şəxs isə saxlanması ilə bağlı qərar və ya əməliyyat məlumatı olmamışdır. Mumin şöbəyə aparılarkən narazılığını bildirmiş, yüksək səslə ikinci dəfədir gətirildiyini bildirmiş, lakin müqavimət göstərməmiş, söyüş söyməmişdir. Onun narkotik vasitədən istifadə etməsi barədə şübhə yaranmış, bu səbəbdən də, tibbi müayinəyə aparılmış, lakin Mumin tibbi müayinədən keçməkdən imtina etmişdir. İş materiallarında Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(029)- 396/2019 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(105)-54/2020 saylı qərarının surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 207-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, vətəndaşların ölkə ərazisində sərbəst hərəkət etmələri onların əsas konstitusion hüquqlarından olan azadlıq hüququdur və həmin hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Polis əməkdaşlarının vətəndaşın azadlıq hüququnun məhdudlaşdırılmasına yönəlmiş hər hansı tələbləri də qanuni və əsaslı olmalı, ictimai qaydanın qorunmasına və cəmiyyətin ümumi maraqlarının təmin edilməsinə yönəlməlidir. Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Murad Osmanov və Nəriman Müzəffərov tərəfindən Şəxs Qusar RPŞ-nə aparılması, o cümlədən onun narkotik vasitəni istehlak etməsinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılması isə qanuni və əsaslı olmamış, həmin şəxsin hansı səbəbə görə polis şöbəsinə aparılması, ondan tibbi müayinədən keçməsinin tələb olunması əsaslandırılmamış, həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən narkotik vasitələri istehlak etməsi, bununla bağlı barəsində hər hansı əməliyyat məlumatının və qərarın mövcud olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, Şəxs həmin vaxt aqressiya nümayiş etdirməsi də məhkəmədə sübuta yetirilməmiş, bu barədə də heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, məlum olmuşdur ki, Şəxs polis şöbəsinə aparılarkən heç bir müqavimət göstərməmiş, digər qanunazidd hərəkətlər etməmiş, yalnız polis şöbəsinə və tibbi müayinəyə aparılmasına etirazını bildirmişdir. Həmin hal Şəxs polis şöbəsinə aparan polis əməkdaşlarının məhkəmə iclasında verdikləri izahatları ilə də təsdiq olunmuşdur. Polis əməkdaşlarının tələbləri qanuni olmadığından və onun qarşısında əsaslandırılmadığından Şəxs həmin narazılığı isə qanuni olmuşdur. Ona görə də, hesab edirəm ki, Şəxs tibbi müayinədən boyun qaçırması, bu barədə Qusar RPŞ-nin əməkdaşlarının tələblərinə tabe olmaması onun azadlıq hüququndan irəli gəlməklə haqlı olmuş və onun həmin hərəkətləri Azərbaycan Respublikasının İXM-nin 207 və 535.1-ci maddələrinin dispozisiyasında nəzərdə tutulan hərəkətlər kimi qiymətləndirilə bilməz. Bununla da, qənaətimə görə, Şəxs tərəfindən İXM-nin yuxarıda göstərilən maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmədə sübuta yetirilməmiş, həmin şəxsin əməllərində həmin inzibati xətaların tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətaları törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 207 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 207 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-101/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-101/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver