Məhkəmə qərarları › İş №3(029)-101/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-101/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-101/2024 13.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə2, “X5” MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə “X5” MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “X5” MMC (VÖEN №**********) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirlməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs « X5” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki idarə tərəfindən keçirilən müvafiq monitorinq zamanı “X5” MMC-nin iş materiallarında göstərilmiş işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortalanmasını həyata keçirilmədiyi məlum olmuşdur. Bunun nəticəsində isə hüquqi şəxsin əmək məcəlləsinin 225-ci maddəsinin tələbləri pozulmuşdur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə protokol tərtib edilərək müvafiq qərarın verilməsi üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta xx.xx.2024-cü il tarixində aşkar edilmiş, dəvət məktubu tərtib edilərək hüquqi şəxs idarəyə dəvət edilmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə hüquqin şəxsin hüquqi ünvanına göndərilmişdir. Lakin hüquqi şəxs xx.xx.2024-cü il tarixdə sığorta haqlarını ödəmiş, xx.xx.2024-cü il tarixdə Quba-Xaçmaz regional şöbəsinə gələrək izahatında özlərini təqsirli bildiyini, həmin sığortalanmanı vaxtında həyata keçirmədiklərini və xx.xx.2024-cü il tarixdə həyata keçirdiklərini bildirmiş və bununla bağlı müvafiq sənədləri Şöbəyə təqdim etmişlər. Lakin inzibati xəta aşkarlandıqdan sonra aradan qaldırıldığı üçün və həmin müddət ərzində işçilərin bədbəxt hadisə yaxud peşə xəstəliyi nəticəsində fəaliyyət qabiliyyətlərini itiriləcəyi nəzərə alındığından inzibati xətanın predmeti olan sığortalanma həyata keçirilsədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə protokol tərtib edilmiş və hüquqi şəxsin nümayəndəsi həmin protokolu imzalayıb qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, həmin icbari sığortalanmanı 2024-cü ilin yanvar, fevral və mart ayları ərzində etməli olduqlarını bilmiş, lakin maddi vəsaitləri olmadıqları üçün həmin icbari sığortalanmanı xx.xx.2024-cü il tarixdə həyata keçirmişlər. Həmin inzibati xəta onlara məlum olduqdan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə getmiş, xx.xx.2024-cü il tarixdə həmin icbari sığortalanmanı həyata keçirdiklərini bildirmiş, tərtib edilmiş inzibati xəta haqqında protokolu imza edərək qəbul etmiş, izahatında isə özlərini təqsirli bildiklərini bildirmişdir. Həmçinin məhkəmədən barələrində başlanılmış inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Sığortasız Statuslu ƏMB üzrə çıxarışdan görünür ki, “X5” MMC işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan görünür ki, “X5” MMC xx.xx.2003-cü ildən hal-hazırdək hüquqi şəxs statusundadır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs « X5” MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında “X3” nümayəndəsi izahatında bildirmişdir ki, həmin icbari sığortalanmanı 2024-cü ilin yanvar, fevral və mart ayları ərzində etməli olduqlarını bilmiş, lakin maddi vəsaitləri olmadıqları üçün həmin icbari sığortalanmanı xx.xx.2024-cü il tarixdə həyata keçirmişlər. Həmin inzibati xəta onlara məlum olduqdan sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə getmiş, xx.xx.2024-cü il tarixdə həmin icbari sığortalanmanı həyata keçirdiklərini bildirmiş, tərtib edilmiş inzibati xəta haqqında protokolu imza edərək qəbul etmiş, izahatında isə özlərini təqsirli bildiklərini bildirmişdir. Hüquqi şəxs “X5” MMC tərəfindən işçilərin bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığortalanmasını vaxtında yəni, 2024cü ilin yanvar, fevral və mart ayları ərzində həyata keçirmədikləri üçün və həmin müddət ərzində işçilərin bədbəxt hadisə yaxud peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirməsi hallarının ehtimal daxilində olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, “X5” MMC həmin inzibati xətanı törətmişdir və hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin sanksiyansında göstərilən miqdarda cərimə inzibati tənbehi tətbiq edilməlidir. Hüquqi şəxs « X5” MMC-nin həmin inzibati xətanı törətməsi, MN № ******* saylı, xx.xx.2024-cü il tarixli saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Məhkəmə, hesab edir ki, “X5” MMC qanunla müəyyən müddət ərzində sığorta haqqlarını ödəməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X5” MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X5” MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs “X5” MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: “X5” MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-сi maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar