Məhkəmə qərarları › İş №3(029)-103/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-103/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-103/2022 14.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1983-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şahdağ Qiş-Yay turuzm kompleksində mühafizəçi işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 10.03.2022-ci il tarixdə saat 21:20 radələrində Qusar şəhəri S.Səfərov küçəsində Qusar RPŞ-nin YPX-nin əməkdaşlarına tabesizlik göstərməklə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə 11 mart 2022-ci il tarixli MN 1352890-138 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material 14.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, 10 mart 2022-ci il tarixdə təxminən saat 21 radələrində idarə etdiyi Vaz 21074 markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qusar şəhəri S.Səfərov küçəsində hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamış və ödənilməmiş cəriməsinin olduğunu bildirmişlər. O, polis əməkdaşlarına harada və nə vaxt cərimə olunduğunu soruşmuş, cərimə olunması barədə ona SMS gəlmədiyini bildirmişdir. Polis əməkdaşları ona avtomobilin şəklini göstərmiş, lakin protokolu göstərə bilməmişlər. Həmin vaxt o, qardaşının azyaşlı uşağı xəstə olduğundan tibb bacısını evə aparmalı olmuş, bu səbəbdən də, xəstəxanaya getməyə tələsmiş, buna görə də polis əməkdaşları ilə şöbəyə getməkdən imtina edərək polis əməkdaşlarının bu barədə tələblərinə tabe olmamışdır. Sonradan PPXB-nin əməkdaşları hadisə yerinə gəlmiş və onu şöbəyə aparmışlar. Şöbədə o, cəriməni ödəmiş və avtomobili ona qaytarılmışdır. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir. Odur ki, barəsində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstəmişdir ki, o, Qusar RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində işləyir. 10 mart 2022-ci il tarixdə təxminən saat 21:10 radələrində Qusar şəhəri S.Səfərov küçəsində yol patrul xidməti inspektoru X1 ilə birlikdə xidmət aparan zaman həmin küçədə hərəkətdə olan Vaz 21074 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sağ işığı işləmədiyindən həmin avtomobili saxlamışdir. O, adını sonradan bildiyi sürücü Şəxs yaxınlaşaraq özünü təqdim etmiş, etdiyi qayda pozuntusunu ona izah etmişdir. Sonradan müəyyən olunmuşdur ki, həmin nəqliyyat vasitəsinin ödənilməmiş cəriməsi var. Buna görə də sürücüyə cəriməni ödəməsini təklif etmiş, lakin o, cəriməni ödəməkdən imtina etmişdir. Həmçinin, sürücü ona, harada və nə vaxt cərimə olunduğunu soruşaraq ondan protokolu istəmiş, o, sürücüyə protokolun tarixini demiş, lakin protokolun harada və nə vaxt yazıldığnı müəyyən etmək üçün onu şöbəyə dəvət etmişdir. Çünki həmin məlumatlar sistemdə inzibatçı tərəfindən çıxarılıb verilməli idi. Lakin, sürücü şöbəyə getməkdən də imtina etmiş, onun qanuni tələblərinə qəsdən tabə olmamışdır. Buna görə də o, PPXB-nin əməkdaşlarını köməyə çağırmış və onların köməyi ilə sürücünü şöbəyə aparmışlar. Sonradan sürücü cəriməni ödəmiş və nəqliyyat vasitəni sahibinə qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qusar RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X1 şahid X2 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Qusar RPŞ-nin 11 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 542.5-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar