Məhkəmə qərarları › İş №3(029)-103/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-103/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-103/2023 28.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.1989-cu ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qusar rayonu Minaxur kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon məhkəməsinin 3(029)-27/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə 500 (beş yüz) manat, Qusar rayon məhkəməsinin 3(029)-287/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmiş və cərimələri ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə verərək özünü təqsirli bilmiş, hazırda əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Hazırda cərimə məbləğini ödəyə bilməyəcəni bildirmiş, 3 ay vaxt versə cərimələri ödəyəcəyini bildirmişdir. Odur ki, barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 27/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 287/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli 768/2022 saylı və xx.xx.2022-ci il tarixli 3039/2022 saylı «tələbin könüllü icrası barədə» bildirişlərin surətindən görünür ki, Qusar rayon məhkəməsinin 3(029)-27/2022 saylı xx.xx.2022-ci il tarixli və Qusar rayon məhkəməsinin 3(029)-287/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarının könüllü icrası və həmin qərarlara əsasən ödənilməli olan cərimələrin ödənilməsi üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Qusar rayon məhkəməsinin 3(029)-27/2022 saylı xx.xx.2022ci il tarixli və Qusar rayon məhkəməsinin 3(029)-287/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşmişdir. İş materiallarında olan Şəxs tərəfindən Qusar rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, o, hazırda cəriməni ödəyə bilmir, maddi imkanı yoxdur, heç bir yerdə işləmir. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həqiqətən də, Qusar rayon məhkəməsinin 3(029)-27/2022 saylı xx.xx.2022-ci il tarixli və Qusar rayon məhkəməsinin 3(029)- 287/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.4, 28.4.1-ci maddələrinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ictimai işlər tətbiq oluna bilməz. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs tənbehinin tətbiq edilməsini isə işin hallarına uyğun hesab etmir. Belə ki, həmin şəxs maddi imkanı olmadığını, onun hazırda ailəsinin yeganə qazanc mənbəyi olduğunu bildirmiş, əgər Şəxs inzibati həbs tətbiq olunarsa onun ailə vəziyyətinə və ailənin maddi gəlirinə təsir edəcəkdir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq etməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar