Məhkəmə qərarları › İş №3(029)-104/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-104/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-104/2024 23.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx.xx.1988-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarı üzrə 300 manat cəriməni, həmin polis şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarı üzrə 50 cəriməni, cəmi 350 manat cəriməni qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 1075/2021 saylı bildirişin surətindən görünür ki, Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli «eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında » qərarının surətindən görünür ki, Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli və MN ******* saylı xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, maddi imkanı olmadığından cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli “borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” aktdan görünür ki, icra sənədinin icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində borclunun fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmoin fərdi yaşayış evində qanunla üzərinə tələb yönəldilə biləcək heç bir əmlaklarının olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Şəxs barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Göründüyü kimi, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Qusar rayon Polis Şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli və 50 (əlli) manat məbləğində cərimə edilməsinə dair həmin polis şöbəsinin MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarları qanuni qüvvəyə mindikdən sonra həmin cərimələr qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyinə görə məcburi icraya yönəldilmiş, Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qərarlar icraata qəbul edilmiş, həmçinin Şəxs həmin cərimələrin 10 gün müddətində ödənilməsi barədə bildiriş göndərilmişdir. Lakin, həmin bildiriş göndərildiyi vaxtdan 10 gün müddətində həmin cərimələr ödənilməmiş və bu səbəbdən də, icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri zamanı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs, tələbin yönəldilə biləcəyi heç bir gəlirləri və əmlakları aşkar olunmamışdır. Odur ki, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən məlum qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq barəsində ictimai işlər növündə inzibati tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Eyni zamanda hesab edirəm ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar