Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-107/2023 13.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X7, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 28 mart 2023-cü tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 28 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Aşağıdakı səbəblərə görə həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin qərarın təsviri hissəsində onun Qusar rayonu Urva-oba kəndi ərazisində özünə məxsus ov tüfəngi ilə dovşan ovladığını göstərilmişdir. Həmin qərarda qərarın qəbul edilməsinə əsas olmuş sənəd kimi 25 yanvar 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol qeyd olunsa da, həmin protokolun surəti ona təqdim edilməmiş, inzibati xəta haqqında iş üzrə onun heç bir prosessual hüquqları təmin edilməmiş, müdafiə hüququ pozulmuşdur. Ona yalnız 28 mart 2023-cü il tarixli qərar təqdim olunmuş, inzibati xəta haqqında protokolu tələb etdikdə isə həmin protokolun surəti ona təqdim edilməmişdir. Onun istifadəsində qanuni şəkildə əldə etdiyi ov tüfəngi vardır. Bundan başqa, özünə məxsus bağ sahəsi vardır və həmin sahədə müxtəlif meyvə ağacları əkmişdir. Bir neçə dəfə özünə məxsus bağ sahəsinə gedərkən həmin sahədə olan meyvə ağaclarının gövdəsini çöl dovşanlarının gəmirərək ağaclara ziyan vurduqlarını müşahidə etmişdir. Dəfələrlə dovşanları sahədən qovsa da, heç bir nəticəsi olmamış və ağaclara ziyan vurmaqda davam etmişlər. Bu səbəbdən də, özünə məxsus ov tüfəngi ilə həmin dovşanlardan birinə atəş açaraq vurmuşdur. Bununla da, o, dovşanı ov etmək məqsədi ilə deyil, bağ sahəsində olan meyvə ağaclarını qorumaq üçün vurmuşdur. Onun hər hansı dovşanı ovlamaq niyyəti olmamış, dovşanı vurduğu gün o, bağ sahəsinə iş görmək üçün getmişdir. Həmin dovşanı vurmağında bağlı polis əməkdaşları onun barəsində material toplayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərmişlər və həmin material əsasında o, cərimə edilmişdir. Lakin, həmin idarə hər hansı araşdırma aparmamış, onun həqiqətən də, həmin tarixdə ov edibetməməsi, onun həmin əraziyə hansı məqsədlə getməsi, dovşanı məhz hansı ərazidə vurduğunu, dovşana atəş açmaqda niyyətinin nə olmasını dəqiqləşdirməmiş, yalnız ehtimal əsasında onun ov edərək ov qaydalarını pozduğunu güman etmişdir. Bundan başqa, o, hər hansı ovu izləmiş, onun hansı ovu, hansı şəkildə, hansı üsulla izlədiyini də müəyyən edilməmiş, belə bir hal ümumiyyətlə aşkar olunmamış, onun belə bir niyyəti də olmamışdır. Nəticədə isə əsassız olaraq o, məhrumiyyətlərə məruz qalaraq qanunsuz şəkildə cərimələnmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, həmin gün o, ov məqsədi ilə tüfənglə çölə çıxmamışdır. Ov silahını qanuni qaydada Xaçmaz şəhərindən almışdır. Bağda işləməyə getmişdir. Hər dəfə bağa gedəndə ov tüfəngini özünü ilə aparmır. Bağda müxtəlif ağac qələmlərini əkmişdir. Çöl dovşanları tərəfindən ona məxsus bağ sahəsinə xeyli ziyan vurmuşdur. Bu barədə heç bir dövlət qurumuna müraciət etməmişdir. Onun bu barədə məlumatı olmamışdır. Yalnız özü məsələni həll etməyə çalışmışdır. Atəş açanda polis əməkdaşları gəlmişdir. İzahatı özü sərbəst vermişdir. Onun lisenziyası yoxdur. Onun məqsədi oradan dovşanları qovmaq, dovşanların bir daha gəlməməsi olmuşdur. Həmin ərazi onun öz bağ sahəsidir, ov yeri deyildir. Həmin ərazi dovşan vurmaq üçün qadağan edilməməmişdir. Həmin vaxt ov mövsümü olmuşdur. Silahın bütün sənədləri vardır. Ov üçün lisenziyası olmamışdır. Lakin o, ov məqsədi ilə deyil zərər vericiləri qovmaq məqsədilə həmin əraziyə getmişdir. O, dovşanı ov məqsədi ilə vurmamış, ovu güdməmiş, öz bağının içərisində vurmuşdur. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X4 xx.xx.2023-cü il tarixli qərarı ilə 1000 manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşları tərəfindən X4 barəsində araşdırılma aparılmış, cinayət işinin ləğv edilməsi haqqında qərar qəbul edilmişdir. Müvafiq qərara əsasən tədbir görülməsi üçün 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. X2 ovçuluq sənədi olmamışdır. Həmin müddətdə ov müddəti olub-olmasını bilmir. Ov mövsümü olub-olmaması, həmir yerdə ov etmənin qadağan olub-olmasını bilməmişdir. X4 polis əməkdaşlarına verdiyi ifadəsində açıq sahədə ov etdiyini bildirmişdir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 28 mart 2023-cü tarixli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispoziyasında qeyd edilir ki, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına nəzərdə tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar RPŞ-nin Samur PBnin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Qusar rayonu Urva-oba kəndi ərazisində X2 bağ sahəsində 1 ədəd dovşanı vursa da, onun həmin vaxt «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla qanunsuz ov etməsi, o cümlədən hər hansı çöl heyvanını izləməsi aşkarlanmamış, yalnız həmin şəxsin üzərində ov tüfəngi ilə ov etməsi ehtimal olunmuşdur. Onun hansı ərazidə ov edilməsi araşdırılmamışdır. X2 həmin vaxt hər hansı heyvanı və ya quşu izləməsi, təqib etməsi, tutması və ya üzərində olan ov tüfəngi ilə vurması faktı aşkar edilməmiş və ya bununla bağlı fotoşəkil və ya video görüntülər əlavə edilməmişdir. X2 çöl dovşanının vurması onun öz bağ sahəsinin zərərverici heyvandan qoruması kimi yox, məhz ov etməsi kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin tərkibini yaratmır. Bundan başqa barəsində qəbul edilmiş inzibati xəta haqqında qərardan da görünür ki, həmin şəxs qanunsuz ov etməyə görə deyil, bir ədəd dovşanın öz bağ sahəsindən vurmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi həmin vaxtın ov mövsümü olub olmaması sualına cavab verə bilməmiş, bu şübhəli hal vətəndaşın xeyrinə həll olunur. Lakin, həmin şəxsin hansı ovu hansı üsulla izləməsi və bununla da, ov qaydalarının pozulmasının müntəzəmliliyi-yəni bir neçə dəfə pozulması müəyyən edilməmişdir. Bununla da, X2 Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, ümumiyyətlə həmin vaxt həmin inzibati xəta hadisəsinin aşkarlanmasına dair heç bir mötəbər sübut olmamış, onun inzibati xətanı törətməsi sübuta yetirilməmiş, məhkəmə iclasında da X2 həqiqətən də həmin inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmır və bu da öz növbəsində onun həmin xətanı törətməkdə təqsirli olması barədə əsaslı şübhələr yaradır. «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.23-cü maddəsinə əsasən həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində MN ******* saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən həmin qərar düzgün tərtib olunmadığı, X2 həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təsdiq edən mötəbər sübutların olmadığı, inzibati xəta hadisəsinin-yəni ov qaydalarının pozulmasının müntəzəmliliyinin olub-olmaması aydınlaşdırılmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir, həmçinin inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmin ərazinin ov edilməsi üçün qadağan olub-olmaması, qadağan edilmiş müddət olub-olmaması ilə bağlı heç bir sübut qərar qəbul etmiş orqan tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-107/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-107/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver