Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-113/2022 08.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 22.08.1975-ci ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Bədəlova Anjela Mərdəli qızının barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bədəlova Anjela Mərdəli qızı 20.01.2022-ci il tarixdə saat 14:00 radələrində Qusar rayonu Əvəcuq kəndində Bədəlova İLhamə Abdulla qızı ilə dalaşarkən sonuncunun gödəkçəsini cırıb ona 20 manat maddi ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin 03.02.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Bədəlova Anjela Mərdəli qızı barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Yunisov Rəşad Zakir oğlu tərəfindən Bədəlova Anjela Mərdəli qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 14.03.2022-ci il tarixli MN 1352893-147 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 28 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bədəlova Anjela Mərdəli qızı və zərər çəkmiş şəxs Bədəlova İlhamə Abdulla qızı məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bədəlova Anjela Mərdəli qızı və zərər çəkmiş şəxs Bədəlova İlhamə Abdulla qızı məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bədəlova Anjela Mərdəli qızı məhkəməyə ərizə göndərərək törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə bildirərək işə onun iştirakı olmadan baxılaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallında olan Qusar rayon Polis Şöbəsinin TB-nin 03.02.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Anjela Bədəlovanın Bədəlova İlhamə Abdulla qızının əynindəki gödəkçəsini dartması zamanı gödəkçənin sağ qolunun alt hissəsi tikiş yerindən açılması nəticəsində qəsdən ona 20 manat maddi ziyan vurulduğu qeyd edilmişdir. İş materiallarında olan Qusar rayon İstehsal-istehlak Kooperativinin arayışından görünür ki, gödəkçənin tikiş yerinin dərzi tərəfindən bərpası üçün tələb olunan vəsait 20 manat təşkil edir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Bədəlova Anjela Mərdəli qızı həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bədəlova Anjela Mərdəli qızı haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bədəlova Anjela Mərdəli qızınin şəxsiyyətini, işdə yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, zərər çəkmiş şəxs Bədəlova İlhamə Abdulla qızına dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Bədəlova Anjela Mərdəli qızı Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 20 (iyirmi) manat məbləğdə cərimə edilsin. Zərər çəkmiş şəxs Bədəlova İlhamə Abdulla qızına dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-113/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-113/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver