Məhkəmə qərarları › İş №3(029)-116/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-116/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-116/2022 08.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1970-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 23.01.2022-ci il tarixdə saat 17:00 radələrində Qusar rayonu Həzrə kəndinin ərazisində lazımi icazəsi olmadan ov edib bir ədəd qaban vurmaqla ov qaydalarını pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış, 03.02.2022-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə 23.02.2022-ci il tarixli MN 1352986-98 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 28.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini, törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə bildirərək işə onun iştirakı olmadan baxılaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli 22/160a saylı arayışın surətindən görünür ki, tədqiqata təqdim edilmiş- 01 ədəd B-74008 №-si olan silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-18-E modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan silah və sursatın qəbul edilməsi barədə 03.02.2022-ci il tarixli qəbzdən görünür ki, 12 kalibrli silah təhqiqatçı Əmrulla Rəhimov tərəfindən məsul növbətçi Elnur Bayramova təhvil verilmişdir. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi xüsusi hüququn məhdudlaşdırılmasının, əlavə tənbeh növü kimi isə inzibati xətanın törədilməsində alət olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş predmet (ov silahı)-yəni 01 ədəd B-74008 №-si olan keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-18-E modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngi olan yivsiz odlu silah və inzibati xətanın bilavasitə obyekti olmuş predmet - yəni bir ədəd qaban müsadirə edilməklə ov hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar