Məhkəmə qərarları › İş №3(029)-117/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-117/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-117/2022 08.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1993-cü ildə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, ailəli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 23.01.2022-ci il tarixdə müvafiq icazəsi ollmadan mülki silahı, atasına məxsus tüfəngi ov etmək üçün tanışı X1 vermişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış, 03.02.2022-ci il tarixli qərarla Şəxs oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yunisov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə 23.02.2022-ci il tarixli MN 1352987-99 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 28.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyinə bildirərək işə onun iştirakı olmadan baxılaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 27.01.2022-ci il tarixli 22/160a saylı arayışın surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 900894№-li silah, zavod üsuli ilə İngiltərə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli Churchill modelli, sürgülü, hamar lüləli, özözünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan silah və sursatın qəbul edilməsi barədə 03.02.2022-ci il tarixli qəbzdən görünür ki, 12 kalibrli silah təhqiqatçı Əmrulla Rəhimov tərəfindən məsul növbətçi Elnur Bayramova təhvil verilmişdir. İş materiallarını tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXMnin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş 01 ədəd 900894№-li, zavod üsuli ilə İngiltərə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli Churchill modelli, sürgülü, hamar lüləli, öz-özünə dolan, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar