Məhkəmə qərarları › İş №3(029)-117/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-117/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-117/2024 21.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1987-ci ildə Qusar rayonu Böyük Muruq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Qusar rayonu Böyük Muruq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq söyüşlərlə söyərək təhqir etmiş, daha sonra onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin X2 sahə rəisi, polis mayoru Nəriman Müzəffərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 21 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, həqiqətən də, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının ünvanına nalayiq söyüşlərlə söyərək təhqir etmiş, sonradan isə onu Polis bölməsinə dəvət edən polis əməkdaşları ilə getməkdən imtina edib onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri o, çox sərxoş olması səbəbindən etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 05 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan-yəni 21 may 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar