Məhkəmə qərarları › İş №3(029)-123/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-123/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-123/2022 05.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakları ilə xx.xx.1974-cü ildə Qusar rayonu Suvacal kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 01.04.2022-ci il tarixdə saat 21:45 radələrində Qusar rayonu Suvacal kəndində “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində raport əsasında Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə İXP ******* saylı 01.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 05.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 01.04.2022-ci il tarixdə axşam saat 21:02-də tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng edərək idarə etdiyi avtomaşını kənddə yüksək sürətlə hərəkət etdirdiyini və bunu videoya çəkdiyini bildirmişdir. O, da aprel ayının 1-i olduğu üçün kiminsə onunla zarafat etdiyini fikirləşmişdir. Onun telefonunda pul olmadığından o, geri zəng etməsi üçün həmin şəxsə qısa zəng etmiş, bundan sonra həmin şəxs ona geri zəng edərək onunla zarafat etdiyini və küçəyə çıxmasını demişdir. Buna görə də o, küçəyə çıxmış, orada həmkəndliləri Musanı və Fəzaili görmüş, onlardan küçədə hər hansı şəxsi görüb-görmədiklərini soruşmuş, onlar isə görmədiklərini bildirmişlər. Həmin gün Musanın ad günü olduğundan ona pivə vermiş, daha sonra Musa ilə birlikdə piyada evlərinə getmək istəyəndə arxalarınca YPX maşını gəlmiş, Musa ilə onu güclə maşına mindirmişlər. Həmin vaxt Musa polis əməkdaşlarından onları niyə və hara apardıqlarını soruşanda şöbədə bilərsiz demişlər. Şöbəyə aparandan sonra gecə onları şöbədə saxlamışlar, səhər onlara hədə qorxu gələrək “biz nə deyəcəyiksə onu yazacaqsız, sonra sizi buraxacağıq” demişlər. O, da qorxub polisin dediyi formada izahat vermişdir. Sonradan onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, məhkəmə tərəfindən o, 200 manat məbləğində cərimə olunmuşdur. Daha sonra onun barəsində guya içkili maşın idarə etdiyi üçün də protokol tərtib olunduğunu bildirmişlər. O, sərxoş vəziyyətdə maşını idarə etməmiş, maşının starteri xarab olduğundan həyətində saxlamışdır. Həmin gün o, iki rumka araq içmişdir. Onun idarə etdiyi maşının dalınca heç kim gəlməmiş, işıq siqnalları ilə ona saxla işarəsi etməmişlər. Həmin gün səhər qızını və həyat yoldaşını sahəyə aparmış və bundan sonra maşını idarə etməmişdir. Həmin gün ümumiyyətlə spirtli içki içdikdən sonra maşın idarə etməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 göstərmişdir ki, o, Qusar RPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 01.04.2022-ci il tarixdə axşam saat 21 radələrində əməliyyat müvəkkili X12 RPŞ-nin Növbətçi Hissəsinə raport yazaraq bildirmişdir ki, Qusar rayonu Suvacal kəndində “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət etmiş, sürücü sağ-sol hərəkətləri edərək avtomobili idarə etmişdir. Həmin raport əsasında polis əməkdaşları Elxan, Asim və Maislə birlikdə Qusar şəhərindən təxminən yarım saat yol qət edərək Suvacal kəndinə getmişlər. O, Suvacal kəndində küçədə Şəxs tanıdığı üçün ona yaxınlaşmış və onu Polis şöbəsinə dəvət etmişdir. Həmin raportu əməliyyat müvəkkili vizual yazmışdır. Şəxs saxlayanda həmin şəxs nəqliyyat vasitəsində olmamış, avtomobil idarə etməmişdir. Həmin gün Vüqarın avtomobili idarə etməsi barədə onlarda xüsusi texniki vasitələrdən çıxarış da yoxdur. Onun üstündə texniki vasitələr olmadığı üçün Vüqarı yerində alkotester müayinəsindən keçirə bilməmişdir. Şəxs əvvəllər də içkili vəziyyətdə nəqliyyat vasitəni idarə etmişdir. Həmin vaxt Vüqar orta dərəcəli sərxoş olduğu üçün axşam ondan izahat alınmamışdır. Bundan sonra, Elxan Osmanovun raportu və Şəxs Qusar RPŞ-də verdiyi izahatı əsasında onun tərəfindən 01.04.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Alkotester cihazı sonuncu dəfə 2022-ci ilin fevral ayının əvvəllərində yoxlamadan keçmişdir. Məhkəmə iclasında şahid X8 izahat verərək göstərmişdir ki, o, Qusar RPŞ-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir, polis baş leytenantıdır. 01.04.2022-ci il tarixdə əməliyyat müvəkkili Elxan Osmanov tərəfindən Növbətçi Hissəyə raport yazılaraq Qusar rayonu Suvacal kəndində “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə və ziqzaqvari hərəkət etdirilərək idarə olunduğunu bildirmişdir. Məlumat əsasında o, polis əməkdaşları Elxan, Elgün və Maislə birlikdə Qusar şəhərindən təxminən iyirmi dəqiqə yol qət edərək Suvacal kəndinə getmişlər. Suvacal kəndində küçədə piyada olan Şəxs yaxınlaşıb onu Qusar RPŞ-nə dəvət etmişlər. Həmin şəxs əvvəlcə törətdiyi hadisəni etiraf etməmiş, sonradan avtomobilini sərxoş vəziyyətdə idarə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxs alkotester müayinəsindən keçmiş, onun sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. Alkotester cihazı sonuncu dəfə 2022-ci ilin yanvar ayında yoxlamadan keçmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.04.2022-ci il tarixdə Qusar rayonu Suvacal kəndi ərazisində xidmətdə olduğu zaman saat təxminən 21 radələrində “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin birdən surətlənərək ziqzaqvari hərəkətlər etdiyini görmüşdür. O, idarə etdiyi maşınla həmin maşının arxasınca getmiş, lakin həmin maşın yüksək sürətlə getdiyindən və toz-duman qalxdığından həmin maşının izini itirmiş, həmin maşın Xuray kəndi istiqamətində hərəkət edərək gözdən itmiş, ona çata bilməmiş, bu səbəbdən də avtomobili idarə edən şəxsi yerində müəyyən edə bilməmişdir. Həmin zaman o, telefon vasitəsi ilə həmin hərəkətləri videoya çəkə bilməmiş, buna texniki imkanı olmamışdır. O, vizual qaydada güman etmişdir ki, həmin avtomobili idarə edən şəxs sərxoşdur. Bu barədə Qusar RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Daha sonra YPX-nin baş inspektoru polis baş leytenantı Asim Talıbov, YPX inspektoru polis baş serjantı Mais Ərzimanov və YPX inspektoru X11 rayonu Suvacal kəndi ərazisinə gəlmişlər. Sürücünün şəxsiyyəti bort kompüterlə müəyyən edilmiş və məlum olmuşdur ki, sürücü Qusar rayonu Suvacal kənd sakini Şəxsdur. O, YPX əməkdaşları ilə həmin sürücünü axtarmağa başlamış, həmin sürücünü Suvacal kəndi ərazisində küçədə piyada, maşınsız müəyyən etmişlər. Onlar sürücüyə yaxınlaşaraq törətdiyi qayda pozuntularına görə izahatı alınması üçün onu Qusar RPŞ-nə dəvət etmişlər. Lakin, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabesizlik göstərməyə başlamışdır. Onların tərəfindən sürücü dəfələrlə nizam-intizama dəvət olunsa da, o öz hərəkərlərinə son qoymamışdır. Bu zaman yanında olan həmkəndlisi X1 polisin xidməti fəaliyyətinə maneçilik törətməyə başlamışdır. Onlar hər iki vətəndaşı Qusar RPŞnə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. O, bu barədə raportla rəhbərliyə müraciət etmişdir. İş materiallarında olan 01.04.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 01161 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 21:45-də Şəxs qanında alkoqolun konsentrasiyası 1,351 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin YPX tərəfindən tərtib olunmuş 27.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Qusar rayonu Əniğ kəndi ərazisində Azərbaycan Respublikasının İXM-nin 342.5-ci və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elxan Osmanovun 01.04.2022-ci il tarixli Raportundan görünür ki, həmin tarixdə saat 21:00-da Qusar rayonu Suvacal kəndində xidmətdə olduğu zaman “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşının Suvacal kəndi ərazisində qəflətən sürətləndirməklə təhlükəli sağ-sol manevrlər edərək maşının iki təkərinin yolun səthinə qaldırılmaqla idarə edildiyini, ətrafda olan insanların həyatına təhlükə yarandığını, cəmiyyətə açıqcasına hörmətsizlik edildiyini görmüşdür. Bu barədə Qusar RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Daha sonra KİA markalı ** YP *** dövlət qeydiyyat nömrə nişanlı patrul avtomaşını ilə YPX-nin baş inspektoru Asim Talıbov, YPX inspektoru polis baş serjantı Mais Ərzimanov və YPX inspektoru X7 rayonu Suvacal kənd ərazisinə gəlmişlər. Sürücünün şəxsiyyəti bort kompyuterlə müəyyən edilmiş, sürücü Qusar rayonu Suvacal kənd sakini Şəxs olduğu məlum olmuşdur. O, YPX əməkdaşları ilə həmin sürücünü axtarmağa başlamış, həmin sürücünü Suvacal kəndi ərazisində maşınsız müəyyən etmişlər. O, sürücüyə yaxınlaşaraq törətdiyi qayda pozuntularına görə izahatı alınması üçün onu Qusar RPŞ-nə dəvət etmişdir. Lakin, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabesizlik göstərməyə başlamışdır. Onların tərəfindən sürücü dəfələrlə nizam intizama dəvət olunsa da, o öz hərəkərlərinə son qoymamışdır. Bu zaman yanında olan həmkəndlisi X1 polisin xidməti fəaliyyətinə maneçilik törətməyə başlamışdır. Onlar hər iki vətəndaşı Qusar RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Şəhriyar Əlizadənin 02.04.2022-ci il tarixli raportundan görünür ki, 01.04.2022-ci il tarixdə 149-6047-1122 nömrəli raport icraatına daxil olmuşdur. Aparılan araşdırma zamanı raportda adı qeyd olunan Qusar rayonu Suvacal kənd sakini xx.xx.1974-cü il təvəllüdlü Şəxs izahatında 01.04.2022-ci il tarixdə axşam saatlarında özünə məxsus Vaz 2107 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə yüksək sürətlə Qusar rayonu Suvacal kəndinin içərisində idarə etdiyini bildirmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin 04.04.2022-ci il tarixli 149- 6112-1222 saylı arayışından görünür ki, Qusar rayonu Suvacal kənd sakini Şəxs (27.06.1977-ci il təvəllüdlü) adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində AF 305065 nömrəli BC kateqoriyalı, 03.07.2028-ci il müddətli sürücülük vəsiqəsi qeydə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin Maddənin 2-ci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmin Maddənin 3-cü hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 100.1, 100.1.6, 100.1.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı Qərarı ilə təsdiq edilmiş «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları»nın 2.1, 2.1.1-2.1.3-cü bəndlərinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı (indiki 96-cı) maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən ədalətli məhkəmə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Şəxs barəsində Qusar RPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol eyni şöbənin CAB-nin əməliyyat müvəkkili Elxan Osmanovun 01.04.2022-ci il tarixli raportunda göstərilən məlumat əsasında tərtib olunmuş, həmin şəxsin ona istinad olunan inzibati xətanı törətməsi-yəni onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi barədə digər hər hansı sübut isə, məsələn hal şahidlərinin izahatları, hadisə barədə videoçəkilişin, fotoçəkilişin qeydə alınması və s. əldə olunmamışdır. Bundan başqa, Vüqar Balabəyovun ümumiyyətlə 01.04.2022-ci il tarixdə avtomobili idarə etməsinin xüsusi texniki vasitələrlə qeydə alınması da müəyyən edilməmiş, onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi YPX əməkdaşı tərəfindən aşkar olunmamış, həmin şəxs saxlanılarkən avtomobildə olmamış, piyada olmuşdur. Şəxs saxlanıldıqdan sonra alkotester müayinəsinin nəticəsinə əsasən onun sərxoş vəziyyətdə olmasının müəyyən edilməsi isə onun həqiqətən də, avtomobili sərxoş vəziyyətdə idarə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə iclasında dindirilən şahidlərin hamısı polis əməkdaşları olmaqla hazırkı işdə Şəxs təqsirli bilinməsində marağı olan şəxslərdir, onların izahatları digər bitərəf şəxsin izahatı ilə və ya digər obyektiv sübutla təsdiq olunmur. Bundan başqa, həmin şəxslər Şəxs ona istinad olunan xətanı törətməsini birbaşa təsdiq etməmişlər, həmin şəxsin həmin xətanı törətməsini bildirərkən onun özünün bu barədə polis şöbəsində verdiyi izahatına və polis əməkdaşı olan Elxan Osmanovun raportuna istinad etmişlər. Şəxs isə məhkəmədə izahat verərkən polis şöbəsində verdiyi izahatını polis əməkdaşlarının təsiri altında verdiyini bildirmişdir. X13 isə özünün raportunda yalnız Qusar rayonu Suvacal kəndində avtomobilin yüksək sürətlə və sağ-sol manevrləri edərək hərəkət etməsini müşahidə etdiyini bildirmiş, avtomobili məhz Şəxs sərxoş vəziyyətdə idarə etməsini güman etmiş, bunu hər hansı qanuni üsulla müəyyən etdiyini isə bildirməmiş, hər hansı texniki vasitələrdən istifadə edərək baş vermiş hadisəni videolentə çəkməmiş, həmçinin həmin avtomobilin arxasınca axıradək gedərək güman etdiyi hadisəni törətmiş şəxsi müəyyən edə bilməmişdir. Ona görə də, məhkəmə şahid qismində izahat verən polis əməkdaşlarının izahatlarını əsaslı şübhə yaradan izahatlar kimi dəyərləndirməklə həmin izahatları Şəxs ona istinad olunan inzibati xətanı törətməsini təsdiq edən sübut kimi qəbul etmir. Şəxs təqsirli olmasını təsdiq edən digər hər hansı sübut isə yoxdur. İnzibati protokola əlavə olunmuş 01.04.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 01161 olan alkotesterdən çıxarış isə Azərbayjan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının tələblərinə zidd olduğundan məhkəmə həmin sənədi də sübut kimi qəbul etmir. Belə ki, İXM-nin tələblərinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Lakin, hazırkı inzibati xəta haqqında protokolda belə bir məlumatlar-yəni sərxoşluq vəziyyətinin müəyyən olunmasında istifadə edilən «alkotester» cihazının göstəriciləri və ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, bunu təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Bununla da, Şəxs ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmiş, həmin şəxsin əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar