Məhkəmə qərarları › İş №3(029)-123/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-123/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-123/2024 30.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X10, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs Avçı qızının və X1, Qusar rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1972-ci ildə Qusar rayonu Piral kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Qusar rayonu Avaranqışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraqq, Müəyyən etdim: Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələri ilə MN 2081692-281 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Qusar rayonu Xürəl kəndində səs-küy salmaqla, həmçinin anası Zərərçəkmiş şəxs Avçı qızını və qardaşı X2 nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, protokolda göstərilən hallarla razı deyil. Belə ki, artıq 1 il 8 aydır ki, yaxın qohumları tərəfindən hücumlara məruz qalır. Onun Qusar rayonu Xürel kəndində evi var, lakin öz evinə gedə bilmir. Elçin Əskərov qardaşıdır. Tərtib olunmuş protokolla bağlı göstərə bilər ki, qeyd olunan tarixdə həyat yoldaşı ilə birlikdə həmin yerə tərəvəz əkməyə getmiş, və orada evinin pəncərəsini çıxarılaraq içəri daxil olduqlarını, çəpərin yandırıldığını, kameraların çıxarıldığını aşkar etmişdir. Qonşulardan məlumat almışdır ki, bunları qardaşı Elçin etmişdir. Bundan sonra o, sahə müvvəkili Elmirə, həmçinin DİN-in 102 xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər, lakin son nəticədə onu təqsirli hesab etmişdilər. Polis əməkdaşları kimdən şübhələndiyini soruşmuşlar, o isə qardaşından şübhələndiyini demişdir. Polis əməkdaşı Elxan da gəlmiş, həmin şəxs Elçini çağırmış, sonuncunun həyat yoldaşı bayıra çıxmışdır. Sonra Elçin özü çıxmış, Elçinin yeznəsi və qızı, həmkəndlisi Arif İsmayılov orada olmuşlar, lakin anası Əminə ümumiyyətlə orada olmamışdır. Bundan sonra polis şöbəsinə getmiş və izahat yazdıqdan sonra çıxıb getmişdir. 30 may 2024-cü il tarixdə isə Polis şöbəsinə çağırılmışlar, bunun səbəbini soruşduqda isə ona anası tərəfindən şikayət daxil olduğunu bildirmişlər. O, işdən çıxıb Polisə getmiş. Orada isə araşdırma ilə əlaqədar bildirmişdir ki, 24 may 2024-cü il tarixdə baş verən hadisə zamanı anası ümumiyyətlə orada olmamış, mübahisəsi isə qardaşı ilə olmuşdur. Lakin bu mübahisə zamanı o heç kimi söyməmiş, ümumiyyətlə mübahisənin təşəbbüskarı olmamışdır. Əks halda qardaşını evindən özü çağırmış olardı, halbuki sonuncunu evindən polislər çağırmışlar. Anasına gəldikdə isə bir daha qeyd edir ki, o, həmin vaxt orada olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Avçı qızı izahatında göstərdi ki, 24 may 2024-cü il tarixdə o, xəstə yanından gələrkən anidən Elnur qarşısına çıxmış və o bundan qorxmuşdur. Bundan sonra oğlu Elnur onu söyüb-təhqir etmiş, vəfat etmiş valideynlərin ünvanına nalayiq sözlər deməyə başlamışdır. Həmin vaxt yanlarında heç kim olmamış, yalnız ikisi olmular, qonşular pəncərədən baxırdılar. Elnur onu söyəndə orada heç kim olmamışdır. Həmin vaxt Elnurun arvadı maşında olmuşdur. Elnur hər gün onu təhqir edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, 14 aydır ki, bu ailə məhkəmələrdədir. O, bir dəfə məhkəməyə gəlmiş, ondan sonra gəlməmişdir. O, 1993-cü ildən ayrı yaşayır. O, polisdə olmamış və orada ərizə yazmamışdır. Elnur ona hədə-qorxu gəlib ki, onu dəlixanaya aparıb yerləşdirəcəkdir. 24 may 2024-cü il tarixdə evdə istirahət edərkən kiçik nəvəsi gəlib demişdir ki, onu çağırırlar. O, da bayıra çıxmışdır. 3-4 gün qabaq isə Elnur yoldaşı ilə gəlmişdir. Evinin qabağı da kol-kosdur. Elnurdan başqa heç kimin evə çıxarışı yoxdur. 30 ildir ki, o, evinə işıq çəkmişdir. 1 il əvvəl işıq idarəsindən gəlib Elnurun qapısının yanında şalban basdırmaq üçün çala qazmışlar. Həmin qapı da ayaqaltıdır, ağacların da budaqları yola çıxmışdır. Camaatın xahişi ilə o, həmin budaqları kəsmişdir. Polislər onun üzərinə qışqırmışlar, sonra demişlər ki, polis şöbəsinə getməlidir. O, da polis şöbəsinə niyə getməli olduğunu soruşmuşdur. Elnur onu təhqir edib, ona hədəqorxu gəlibdir. Ona demişdir ki, onu Maştağaya dəlixanaya göndərəcəkdir. Pəncərəni iki ay əvvəl külək yerə salmışdır. O, polisə heç nə deməmiş, orada heç bir ərizə yazmamışdır. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 24 may 2024-cü il tarixdə Qusar rayon X8 Hissəsinə Qusar rayonu Xürel kəndində mübahisə olması barədə Şəxs müraciəti daxil olmuş, həmin müraciət əsasında o, təhqiqatçı və əməliyyat müvəkkilləri ilə birlikdə həmin yerə getmişdir. Orada Şəxs və həmin şəxsin həyat yoldaşı olmuş, lakin Elnurun anasını orada görməmişdir. Baxış zamanı Elnur çəpərinin qardaşları Elmar və Elçin tərəfindən dağıdıldığını bildirdikdən sonra o, bununla bağlı polisə rəsmi ərizə ilə müraciət etmək lazım olduğunu izah etmişdir. Bundan sonra onlar Elçin Əskərovu çağırmışlar, Elçin bayıra çıxmış, ondan həmin ərazinin kimə məxsus olduğunu soruşmuşlar, bu zaman Elnurla Elçin arasında mübahisə yaranmış və Elnur Elçini nalayiq ifadələrlə söymüşdür. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, o, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəxs və qardaşları onun həmkəndliləridirlər. 24 may 2024-cü il tarixdə o, digər polis əməkdaşları ilə birlikdə məlumat əsasında Qusar rayonu Xürel kəndinə getmişlər. Orada Şəxs və həmin şəxsin həyat yoldaşını görmüşlər, Elnurun anası isə orada olmamışdır. Həmçinin, orada çəpərin dağıdıldığını görmüşlər, təhqiqatçı bu barədə soruşduqda Elnur çəpərin Elmar və Elçin tərəfindən dağıdıldığını bildirmişdir. Bununla bağlı onlar Elçini də hadisə yerinə çağırmışlar və o çıxandan sonra onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Elnur Elçini söymüş, o , isə bu barədə Elnura irad bildirmiş, bundan sonra isə sonuncu ünvansız söyüş söymüşdür. Məhkəmə iclasında şahid X7 izahatında göstərdi ki, o, Qusar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 may 2024-cü il tarixdə o və digər polis əməkdaşları məlumat əsasında Qusar rayonu Xürel kəndinə, Şəxs yaşadığı əraziyə getmişlər. Orada Elnur bildirmişdir ki, çəpərini dağıtmışlar. X12 yaşadığı ev olmuş, onlar Elçini çağırmışlar, həmin şəxs bayıra çıxdıqda Elnur həmin şəxslə mübahisə etməyə başlamışlar. Həmin vaxt orada Elnur və həmin şəxsin həyat yoldaşı olmuş, anasını isə görməmişlər. İş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad olunan inzibati xətanın mahiyyəti ondan ibarətdir ki, o, 24 may 2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs Avçı qızını və qardaşı X2 nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunur ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair 12 oktyabr 2022-ci il tarixli qərardadında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da qeyd olunur ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Göründüyü kimi, xuliqanlığın, o cümlədən xırda xuliqanlığın subyektiv cəhətinin mütləq şərti onun motividir və bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Başqa sözlə, şəxsin bilərəkdən qalmaqal yaratması, mübahisələr etməsi və ədəbsiz hərəkətlər edərək birgəyaşayış qaydalarını pozması və ətrafdakıları narahat etməsi İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın, yəni xırda xuliqanlığın mövcudluğu baxımından zəruri şərtdir. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, 24 may 2024-cü il tarixdə Qusar rayon Polis Şöbəsinin əməkdaşları Qusar rayonu Xürel kəndinə Şəxs hər hansı qanunsuz hərəkətlər etməsinə görə deyil, Şəxs özünün əmlakının başqa şəxslər tərəfindən zədələnməsi barədə müraciətinə əsasən getmişlər və oraya gedərkən həqiqətən də, həmin şəxsin çəpərinin dağıdılmış vəziyyətdə olduğunu müşahidə etmişlər. Polis əməkdaşları hadisə yerinə gələrkən hər hansı mübahisə, dava-dalaş görməmişlər, baş vermiş mübahisə isə Şəxs çəpərinin qardaşları Elmar və Elçin tərəfindən dağıdıldığını bildirdiyindən polis əməkdaşları Elçin Əskərovu evindən bayıra çağırdıqdan sonra baş vermişdir. Bu, isə onu təsdiq edir ki, Şəxs niyyət və məqsədi ictimai qaydanı pozmaq, qəsdən qalmaqal yaratmaq və ya ədəbsiz hərəkətlər etməklə birgəyaşayış qaydalarını pozmaq olmamış və onun etdiyi hərəkətlər qardaşı Elçin Əskərovla şəxsi münasibətlər zəminində törədilməklə sonuncunun onun çəpərini dağıtmasına qəzəb hissi ilə aqressiv reaksiya bildirməsində ifadə olunmuşdur. Başqa sözlə, Şəxs həmin hərəkətləri törətməyə qardaşı Elçin Əskərovun qeyd olunan hərəkətləri törətməsini düşünməsi vadar etmişdir. Bu, isə Şəxs hadisə baş verən anda niyyət və məqsədinin bilərəkdən qalmaqal yaratmaq, mübahisə etmək və ədəbsiz hərəkətlər edərək birgəyaşayış qaydalarını pozma və ətrafdakıları narahat etmək olması barədə əsaslı şübhələrin olduğuna dəlalət edir, həmin şübhələri aradan qaldıran hər hansı sübut isə mövcud deyil, ona görə də, həmin şübhələr Şəxs xeyrinə həll olunmalıdır. Belə olan halda isə məhkəmənin qənaətinə görə Şəxs əməlinin İXM-nin 510-cu maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı deyil. Bundan başqa, inzibati xəta haqqında protokolda Şəxs Elçin Əskərovu nalayiq ifadələrlə təhqir etməsi göstərilsə də, sonuncunun bu barədə hər hansı müraciəti Qusar RPŞ-yə daxil olmamış, sonuncu özü də bununla bağlı polisə müraciət etməmiş, həmin faktla bağlı ümumiyyətlə ondan hər hansı izahat belə alınmamışdır. Eyni zamanda, inzibati xəta haqqında protokolda Şəxs həm də anası Zərərçəkmiş şəxs təhqir etməsi göstərilsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, hadisə baş verən anda ümumiyyətlə Zərərçəkmiş şəxs orada olmamışdır. Bu, isə ümumiyyətlə Şəxs ona istinad olunan inzibati xətanı törətməsi faktının mövcudluğunu şübhə altına alır. Bununla da, Şəxs tərəfindən ictimai asayişin, şəxsiyyətin toxunulmazlığının və mülkiyyətin bütövlüyününün, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksini pozan hərəkətlər etməsi öz təsdiqini tapmadı. Həmçinin, vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərin törədilməsi də öz təsdiqini tapmadı. Məhkəmə öz daxili inamına və şahidlərin vermiş olduğu izahatlara əsasən hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri yoxdur, həmçinin həmin şəxsin qeyd olunan xətanı törətməsi barədə hər hansı mötəbər sübut mövcud deyil və ona görə də, həmin şəxs ona istinad olunan əməl barəsində təqsirsiz hesab olunmalıdır. Məhkəmə araşdırmasınadək Şəxs ictimai qaydanın pozulması ilə hadisənin ətrafda olan qonşular, yaxınlıqda olan şəxslər, nə də ki işin nəticəsində maraqlı olmayan şəxslər şahid qismində dindirilməmişdir. Məhkəməyə təqdim olunmuş şahidlər isə polis əməkdaşları olmaqla bir başa işin nəticəsində maraqlı olan şəxslərdir, əgər işin nəticəsində maraqlı olmayan şəxslər, hadisəni görən qonşular, başqa şəxslər ictimai qaydanın pozulmasını bildirsə idilər, məhkəmənin qənaətinə görə Şəxs əməlində ictimai qaydanın pozulması halı ola bilərdi, həmin hal isə məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində ictimai qaydanın pozulma halı yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkib əlamətləri olmadığından, o cümlədən həmin xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar