Məhkəmə qərarları › İş №3(029)-130/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-130/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-130/2021 19.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1997-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, Qusar rayonu Bədişqala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 19:05-də Qusar-Balaqusar yolunun 3-cü kilometrliyində idarə etdiyi VAZ-21074 markalı O651AY05 dövlət qeydiyyat nişanlı qvtomobillə hərəkətdə olarkən avtomobilin konstruksiyasında dəyişiklik aparıldığı üçün polis əməkdaşları tərəfindən “saxla” əmri verilmiş, Şəxs isə sürəti artıraraq ziqzaqvari hərəkətlər edərək, yeni yaşayış massivinə daxil olmuş, avtoxuliqanlıq hərəkətləri edərək cəmiyyətə açıqca hörmətsizlik edərək, əhali üçün təhlükə yaradaraq, sağ-sol hərəkətləri edərək manevr qaydasını pozmuş və müxtəlif üsullarla davamlı olaraq qayda pozuntularına yol verərək yol polisindən uzaqlaşıb avtomobili avtosexin qarajında gizlətmişdir. Həmin avtomobil video görüntü vasitəsi ilə aşkarlandıqdan sonra avtomaşına baxış zamanı həmin avtomaşında işlək vəziyyətdə operativ nəqliyyat vasitələrinə aid sayrışan göy işıq cihazları aşkar edilmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Yol patrul xidməti tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9 və 511.1-ci maddələri ilə xx xxxx 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları tam təsdiq etmiş, həmçinin məhkəməyə ərizə təqdim edərək əməlindən peşman olduğunu, səhv etdiyini, ilk dəfədir ki, belə hərəkətlər etdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu göstərmiş və barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 149-5025-1221 saylı məktubdan görünür ki, Şəxs adına DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində AE625683 BC kateqoriyalı sürücülük vəsiqəsi qeydə alınmışdır. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-də tərtib edilmiş xx xxxx 2021-ci il tarixli aktdan görünür ki, VAZ-21074 markalı O651AU05 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış qırmızı-göy sayrışan işıq siqnalları maşının üzərindən sökülərək inzibati xətanın predmeti kimi götürülmüşdür. Götürülmüş predmetlər: 1 ədəd qırmızı-göy sayrışan işıq cihazı və 1 ədəd tənzimləmə bloku təlimata uyğun qablaşdırılmıldır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 511.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, İXM-nin 342.9-cu maddəsinin sanskiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə əlavə tənbeh həmin şəxsin barəsində tətbiq ediləcək tənbehə əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə əsas tənbeh, nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması və inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə əlavə tənbehlər tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi İXM-nin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxs ilk dəfədir ki, inzibati xəta törətmişdir, törətdiyi xətanın mahiyyətini dərk edərək əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə əsas inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə əsas inzibati tənbeh, həmçinin əlavə tənbehlər Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9 və 511.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 342.9-cu maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş sayrışan işıq siqnalları və bir ədəd tənzimləmə bloku müsadirə olunmaqla 500 (beş yüz) manat məbləğində cərimə; İXM-nin 511.1-ci maddəsi ilə isə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz (beş yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş qırmızı-göy sayrışan işıq siqnalları və bir ədəd tənzimləmə bloku müsadirə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar