Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-131/2021 29.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 00:43 radələrində Qusar rayonu Samur qəsəbəsində yerləşən “Azərbaycan” kafesini açaraq içərisində domino oyunu oynamışdır. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli MN 1004128-290 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında məlumatlar, yəni onun fərdi sahibkar statusu olmaqla restoran fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs və ya fiziki şəxs olması, fərdi sahibkardırsa onun vergi ödəyicisi kimi VÖEN nömrəsi, bununla da həmin şəxsin ona istinad olunan inzibati xətanı fiziki və ya vəzifəli şəxs kimi törətməsi dəqiq göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-də fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin fərqli inzibati məsuliyyətləri nəzərdə tutulmuşdur. Bu səbəbdən də, İXM-nin tələblərinə əsasən hər hansı şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun haqqında olan məlumatlar, o cümlədən, fiziki, vəzifəli və ya hüquqi şəxs olması dəqiq göstərilməlidir. Bundan başqa, hazırkı inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi barədə qərardadda işin məhkəməyə göndərilməsi əsası kimi hazırkı iş üzrə qərar qəbul etməyin məhkəmənin səlahiyyətinə aid olması və vətəndaşın müraciəti qeyd edilmişdir. Lakin, İXM-də işin məhkəməyə göndərilməsinin belə bir əsasları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli Fərmanının 5.6- 2-ci maddəsinə əsasən həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və X1 Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Fərmanının 2, 2.9-cu maddələrinə əsasən bu Məcəllənin 209, 211, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 357, 358, 443.2, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 430.1, 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – polis sahə rəisləri baxırlar. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN 1004128-290 saylı protokol düzgün tərtib olunmadığından, həmçinin natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından, o cümlədən hazırkı işə baxmaq səlahiyyəti həm də Qusar RPŞ-nə aid olduğu halda, işin məhkəmə tərəfindən baxılmalı olduğu həmin orqan tərəfindən əsaslandırılmadan inzibati xəta haqqında protokol məhkəməyə göndərildiyindən həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN 1004128-290 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(029)-131/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-131/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver