Məhkəmə qərarları › İş №3(029)-136/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-136/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-136/2024 04.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən 2023-ci il tarixdə 2 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük idarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 6020,48 AB$ dolları (10234,81 manat) məbləğində vəsait MMÇ-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Həmin faktla bağlı Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400-04415/24 saylı, xx.xx.2024-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, iki bəyannamə üzrə 2023-cü ilin oktyabr ayında xurma məhsulları ixrac olunmuşdur. Orada malların bir hissəsinin pulu ödənilmiş, qalan hissəsi isə ödənilməmişdir. İki şirkət arasında olan müqavilənin 6-cı maddəsi malın keyfiyyətinə olan tələblərdir, müqavilənin 7-ci maddəsi malın qəbul şərtləridir, müqavilənin 8-ci maddəsi isə qəbul şərtlərinə əsasən ödənişdir. Müqaviləyə əsasən ödəniş malın keyfiyyətinə və çəkisinə görə olunur. Meyvənin yolda xarab olması istər-istəməz çəki itkisinə gətirib çıxarır. Alıcı şirkət isə faktiki qəbul etdiyi malın sağlam çəkisinə görə ödənişlər etdiyinə görə, bəyannamələr üzrə kəsir əmələ gəlir. Pulun ödənilməməsi barədə alıcı şirkətə pretenziya verilmiş, lakin həmin şirkət məhsulun bir hissəsinin xarab olması səbəbindən dəyərinin bir hissəsini Şəxs MMC-yə ödəməmişdir. Məhsulun xarab olması barədə hər hansı sənəd yoxdur, bununla bağlı rəsmiləşdirmə aparılmamışdır. Şəxs MMC ixrac olunmuş məhsulun dəyərinin bir hissəsinin ödənilməməsini etiraf edir, lakin bu həmin MMC-nin təqsirinə görə olmamış, məhsulun bir hissəsinin itkiyə sərf olunması səbəbindən olmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarə tərəfindən məhkəməyə ərizə göndərilərək işə nümayəndənin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”-dən çıxarışdan müəyyən olunur ki, Şəxs MMC-nin Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 6020.48 ABŞ dolları (10234,81 manat) məbləğində vəsait "xxxx" MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. İşin materiallarında olan ixrac edilmiş yükə dair təsdiq olumuş bəyannamələrdə gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.700 manatla ifadə edilmişdir və beləliklə iki bəyannamə üzrə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan cəmi məbləğ 57738,38 manat (28125.23+29613.15) hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 12.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi göstərilmişdir. Göründüyü kimi, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən ölkədən ixrac olunan mallar gömrük orqanına bəyan edildiyi vaxtdan həmin malların dəyərinin 180 gün müddətində ixracatçı şəxsin müvəkkil bankdakı hesabına köçürülməsi məcburi şərt kimi nəzərdə tutulmuş, həmin şərtin ixracatçı şəxslər tərəfindən pozulmasına görə isə müvafiq məsuliyyət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC 2023-cü ilin oktyabr ayında 2 gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına meyvə məhsulları göndərməklə müvafiq gəlirlər etmiş, həmin gəlirlərin bir hissəsi Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankına köçürülsə də, 2 gömrük bəyannaməsi üzrə cəmi 6020,48 ABŞ dolları məbləğində pul vəsaiti mallar gömrük orqanına bəyan olunduğu vaxtdan 180 gün müddətində müvəkkil banka köçürülməmişdir. Bununla da, Şəxs MMC tərəfindən yuxarıda göstərilən Qanunun və Qaydaların tələbləri pozulmaqla o, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC özünün təqsirsiz olmasını onunla əsaslandırmışdır ki, 2 gömrük bəyannaməsi üzrə göndərilən malların 6020.48 ABŞ dolları hissəsinin xarab olması, malların çəkisinin azalması və s. səbəblərə görə malları qəbul edən müəssisə tərəfindən onlara pretenziyalar göndərilərək həmin məbləğdə pul vəsaiti banka köçürülməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, pretenziya sənədləri birtərəfli qaydada verilmiş sənəd olmaqla malları qəbul etmiş müəssisə tərəfindən Şəxs MMC-yə ünvanlanmış etirazını ifadə edən sənəddir, həmin pretenziyalarda göstərilən halları təsdiq edən, üçüncü şəxslərin iştirakları ilə tərtib olunmuş və ya səlahiyyətli qurumlar tərəfindən verilmiş hər hansı rəsmi sənədlər məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də Şəxs MMC-nin göstərdiyi dəlillər onun inzibati xətanın törədilməsində təqsirini istisna edən hallar kimi qəbul edilə bilməz. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi, yəni 1806.14 (min səkkiz yüz altı dollar on dörd sent) ABŞ dolları məbləğində cərimə edilməklə həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar