Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-139/2022 21.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru vəzifəsi üzrə stajoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən Şəxs haqqında Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1145 manat borcu tələbkar X4 ödəməmişdir. Borclu Şəxs məhkəmə qərarını icra etməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 21.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (stajor) X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1115 (min yüz on beş) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməlidir. 23.01.2020-ci il tarixli icraata başlama haqqında qərar qəbul olunaraq həmin tarixdə borcluya bildiriş göndərilmişdir. 10.02.2020-ci il tarixdə borclu şəxs barəsində məcburi gətirmə tədbirinin tətbiqi haqqında qərar qəbul olunmuşdur. 02.03.2020-ci il tarixdə borclu Şəxs məcburi qaydada gətirilməsi barədə Qusar rayon məhkəməsinə təqdimat verilmişdir. Qusar rayon məhkəməsinin 15.05.2020-ci il tarixli 8(029)-38/2020 saylı qərardadı ilə borclu Şəxs məcburi qaydada Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul olunmuşdur. Qusar rayon məhkəməsinin 3(029)-378/2020 saylı 19.08.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Şəxs Vətən Müharibəsində iştirak etdiyinə görə icra sənədi üzrə icraat dayandırılmış, tələbkar X2 etibarnamə ilə nümayəndəsi X3 ərizə ilə Qusar rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun müxtəlif bəhanələr gətirərək borcu ödəmədiyini göstərmiş və bu barədə tədbir görülməsini xahiş etmiş, bundan sonra iş üzrə icraat təzələnmişdir. 08.04.2022-ci il tarixdə borclu fiziki şəxsin axtarılması haqqında qərar qəbul olunaraq icra edilməsi üçün Qusar RPŞ-yə göndərilmişdir. Borcludan bir neçə dəfə izahat alınmış, lakin həmin şəxs borcun ödənilməsini təmin etməmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinə əsasən ondan 1115 (min yüz on beş) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməlidir. O, icra sənədinin icrasından qəsdən yayınmamış, maddi vəziyyəti çox pis olduğuna görə borcu ödəyə bilməmişdir. Belə ki, o, Vətən Müharibəsi veteranıdır, Suqovuşanın azad olunmasında iştirak etmiş, həmin vaxt ürəyində genişlənmə əmələ gəlmiş, hazıradək xəstədir, həkim məsləhətinə əsasən xəstəliyi ilə əlaqədar xeyli vaxtdır ki, işləyə bilmir, yük qaldıra bilmir. Bundan başqa, himayəsində iki azyaşlı uşaqları var, anası da xəstə olmaqla belindəki yırtıqdan əməliyyat olunmuş, atası da xəstədir. Müharibə veteranı kimi hər ay cəmi 80 manat sosial müavinət alır. Yeganə qazanc mənbəyi veteranlıq pulu olan 80 manatdır. Əgər normal işi və qazancı olsa borcu ödəyəcəkdir. Müharibə veteranı kimi aldığı 80 manat puldan hər ay borcun bir hissəsini ödəməyə razıdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1115 (min yüz on beş) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 23.01.2020-ci il tarixli 286/2020 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 07.02.2022-ci il tarixli izahatından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)- 1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinə əsasən ondan 1115 (min yüz on beş) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 verilməsinə dair qətnamə qəbul edilmişdir. Səhhəti ilə əlaqədar işləyə bilmir, veteranlıq kartı alanda kredit alıb borcunu ödəyəcəkdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri, iş yeri və s. barədə məlumatlar yoxdur. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 21.04.2022-ci il tarixli izahatından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)- 1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinə əsasən ondan 1115 (min yüz on beş) manat məbləğində borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb tələbkar X4 vərilməsinə dair qətnamə qəbul edilmişdir. Hal-hazırda müalicə alır. Səhhəti ilə əlaqədar işləyə bilmir, ona görə də borcu ödəyə bilmir. Borcunu veteranlıq kartı vasitəsi ilə ödəyə bilər, həkim rəyinə əsasən hazırda heç bir yerdə işləyə bilmir, başqa gəlir yeri yoxdur, iki uşağı çətinliklə saxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş 16.11.2021-ci il tarixli 645 saylı arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 19.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 20.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. N.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. N.12.2020-ci il tarixdə SHXÇDX-nin Qusar rayon şöbəsinə təkrar hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş 26.11.2020-ci il tarixli 610 saylı arayışdan görünür ki, Şəxs 19.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 20.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli 69034 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranıdır. İş materiallarında olan AZ-İİİ 816209 saylı və AZ-İV 394912 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şəxs 05.10.2016-cı il təvəllüdlü Rəhim və 16.01.2020-ci il təvəllüdlü Kərim adlı iki azyaşlı uşaqları vardır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1, 43.1.1-43.1.4-cü maddələrinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədi üzrə məcburi icra tədbirləri həyata keçirilərkən borclu Şəxs müvafiq izahatlar alınmış, həmçinin maddi və əmlak vəziyyəti yoxlanılmışdır. Həmin şəxs öz izahatlarında səhhəti ilə əlaqədar müalicə aldığını, işləyə bilmədiyini, maddi vəziyyətinə görə borcu ödəyə bilmədiyini göstərmiş, həmçinin araşdırma zamanı onun mülkiyyətində daşınar və daşınmaz əmlakının, iş yerinin olmaması müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən Qusar rayon İcra və Probasiya şöbəsinə 26.11.2020-ci il tarixli 610 saylı arayış verilməklə Şəxs 19.10.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edildiyi və 20.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verildiyi qeyd edilmişdir. Buna baxmayaraq, Qusar rayon İcra və Probasiya şöbəsi Şəxs öz izahatlarında göstərdiyi kimi həqiqətən də, səhhəti ilə əlaqədar müalicə alıb-almaması, alırsa hansı tibb müəssisəsində müalicə alması, onun hər hansı xəstəlikdən əziyyət çəkib-çəkməməsi, müharibə veteranı olmaqla hər hansı pensiya və ya sosial müavinət alıb-almaması araşdırılmamış, onun izahatlarında göstərdiyi halların həqiqi olub-olmaması yoxlanılmamış, pensiya və ya sosial müavinət aldığı təqdirdə tələbin həmin gəlirlərə yönəldilməsi məsələsi araşdırılmamışdır. Bununla da, Şəxs Qusar rayon məhkəməsinin 2(029)-1048/2019 saylı 28.11.2019-cu il tarixli icra sənədinin icrasından qərəzli və üzürsüz olaraq yayınması və ona istinad olunan inzibati xətanı törətməsi məhkəmədə tam olaraq öz təsdiqini tapmamış, əksinə bu barədə əsaslı şübhələr var və həmin şübhələr həmin şəxsin xeyrinə həll olunmalıdır. Odur ki, hazırkı halda Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-139/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-139/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver