Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-14/2023 11.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X13, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs oğlu 2022-ci ilin sentyabr ayında saat 03:04 radələrində Qusar rayonu Çiləgir kəndində X2 məxsus ərzaq mağazasının şüşəsini bıçaqla qıraraq kassada saxlanılan 70 (yetmiş) manat məbləğində pulu oğurlayaraq xirda talama inzibati xətası törətmişdir. Həmin faktla bağlı Qusar rayon X7 Bölməsi tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə həvalə edilmişdir. Qusar RPŞ-nin İTB-nin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qusar rayonu Giləgir kəndində yerləşən mağazadan 70 manat pulu oğurlamış, bunu ehtiyacı olduğu üçün etmişdir. 09 yanvar 2023-cü il tarixdə qardaşına məxsus avtomobillə Qusar-Ləzə yolu ilə hərəkət edərkən həmin yolun Zindan Muruq kəndi ərazisindən keçən hissəsində polis əməkdaşlarının idarə etdiyi avtomobilə yaxınlaşmış, onlara avtomobilin sayrışan işıq siqnalını yandırmadıqlarına görə irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, lakin həmin vaxt o, söyüş söyməmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər və o, polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Talama əməli ilə bağlı zərərçəkmiş şəxsə zərəri ödəməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, onun Qusar rayonu Çiləgir kəndində ərzaq mağazası vardır. Dəqiq tarix yadında deyil, təxminən 2022ci ilin sentyabr ayında gecə saatlarında mağazanı bağlayıb evinə getmiş, növbəti gün səhər saat 07 radələrində mağazaya gəldikdə mağazanın qapısının şüşəsinin qırıq olduğunu görmüş, mağazaya daxil olduqda isə mağazanın kassasında olan 70 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pulu oğurlayan şəxs Şəxsdur. Hal-hazırda ona dəymiş ziyan ödənilməmiş, pul ona qaytarılmamış, Şəxs şikayətçidir. Odur ki, həmin ziyanın ödənilməsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsinin X9 polis nəfəri vəzifəsində işləyir. 09 yanvar 2023-cü il tarixdə saat 20:50 radələrində polis nəfəri Asim Ağaşirinovla birlikdə 1 saylı avtopatrul marşrutu üzrə Qusar- Ləzə yolunun Zindan Muruq kəndi ərazisindən keçən hissəsində xidmətdə olmuşdur. Həmin zaman Honda markalı 90FE356 dövlət qeydiyyat nişanlı avtomobil onlara yaxınlaşaraq niyə orada xidmət etdiklərini, niyə düzgün xidmət aparmadıqlarını soruşaraq narazılıq bildirmiş, ünvanlarına “bicbalalar” deyərək onları təhqir etmiş, həmçinin bildirmişdir ki, xidmətdə olduqları zaman avtomobilin sayrışan işıq siqnalı yandırılmalıdır. Bundan sonra onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər və həmin şəxs onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində həmin şəxs Fərrux adlı şəxsin mağazasından oğurluq etdiyini bildirmiş, bununla bağlı materiallar toplanılmışdır. Məhkəmə iclasında şahid X5 şahid X4 ilə analoji izahat verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 01 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli 6 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 11:35-də tibbi müyanədən keçirilmiş və sidiyində narkotik maddə aşkar olunmamışdır. Beləliklə, İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərər çəkmiş şəxsləri və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bundan əlavə Qusar RPŞ-nin X9 polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin protokollara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə sat 20:50-də ünvan 3 ünvanına nalayıq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Şəxs barəsində 09 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində Qusar-Ləzə yolunun Zindan Muruq kəndi ərazisindən keçən hissəsində söyüşlər söyməsi, hay-küy salması, bununla da, ictimai qaydanı pozaraq və ya ətrafda olan şəxsləri narahat edərək xırda xuliqanlıq hərəkətləri edilməsinə dair, eləcə də polis əməkdaşlarının xidməti işinə hər hansı şəkildə müdaxilə etməsi, bununla bağlı polis əməkdaşları tərəfindən həmin şəxsə qarşı hər hansı qanuni tələb irəli sürülməsi və onun həmin qanuni tələbə qəsdən tabe olmamasına dair tərtib olunmuş protokollar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış və Şəxs tərəfindən həmin əməllərin törədilməsi sübuta yetirilməmişdir. Belə ki, xırda xuliqanlığa görə inzibati məsuliyyət nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin əməlin obyektiv cəhətinin mühüm əlaməti kimi ictimai qaydanın pozulmasını müəyyən edir. Lakin təqsirli şəxsin polis əməkdaşlarına iradını bildirməsi ictimai qaydanın pozulması anlamına gəlmir. Məhkəmə araşdırılması zamanı da Şəxs nalayiq söyüşlər işlətməsi, bununla da ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Eyni ilə Şəxs ona istinad olunan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi, yəni polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Əksinə, hər iki şahid məhkəmə araşdırması zamanı Şəxs onların tələbinə əməl edərək polis bölməsinə getməsi, orada isə talama əməlini törətməsini etiraf etməsi öz təsdiqini tapmışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Şəxs əməlində həmin inzibati xətaların tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 ə 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilməmiş və onun əməlində həmin inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. Odur ki, onun barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə inzibati iş üzrə İnzibati Xətalar Məcəlləinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası ilə nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq edilməlidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Belə ki, həmin normaya görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Şəxs 09 yanvar 2022-ci ildə saat 21:10 radələrində saxlanılaraq həmin tarixdə barəsində inzibati qaydada tutma haqqında protokol tərtib olunmuşdur. İşin bu halarını nəzərə alaraq inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 yanvar 2023-cü il tarixdən saat 21:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-14/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-14/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver