Məhkəmə qərarları › İş №3(029)-142/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-142/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-142/2022 05.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1990-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Gürcüstan Respublikası Bolnisi rayonu Arxıllı kəndində yaşayan X3 haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 12.04.2022-ci tarixdə saat 13:30 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Gürcüstan Respublikasının vətəndaşı Musaev Geisin idarə etdiyi “DAF FT XF 105 YÜK” markalı, “99RF810/99ZE801” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol alt hissəsində yerləşən yeşikdəki 4 ədəd su bidonunun içində gömrük orqanlarından gizlədilmiş ümumilikdə 12 ədəd 0.7 litrlik “ÇİSTİE ROSİ” və 23 ədəd 0.7 litrlik “BELUGA” markalı araqlar, nəqliyyat vasitəsinin kabinasında gödəkçənin ciblərindən gömrük orqanlarına bəyan olunmamış 20 qutu “RİCHMOND SOBRANİE” markalı və əl çantasının içindən 10 qutu “RİCHMOND SOBRANİE” markalı siqaretlər aşkar olunmuş və faktla bağlı araşdırılma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilməsi üçün protokol əsasında götürülmüşdür. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 20.04.2022-ci il tarixli 01400-0601/22/EP № ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi 20.04.2022-ci il tarixli 01400-0601/22/EP № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin 20.04.2022-ci il tarixli 07-X saylı ekspertiza aktından görünür ki, təqdim edilmiş malların 12.04.2022-ci il tarixə mövcud olan təqribi bazar qiyməti: “ЧИСТЫЕ РОСЫ” Organik Vodka markalı 0,7 litrlik 40 % arağ 1 ədəd- 47.00 manat təşkil edir, müvafiq olaraq 12 ədədinin qiyməti- 564 manatdır. “BELUGA X2” markalı 0,7 litirlik 40 % arağ 1 ədəd- 65,00 manat təşkil edir, müvafiq olaraq 23 ədədinin qiyməti 1495 manatdır. “RİCHMOND SOBRANİE” markalı siqaret 1 qutu 05,00 manat təşkil edir, müvafiq olaraq 30 qutusunun qiyməti-150 manatdır. Təqdim edilmiş malların cəmi dəyəri; 2209 (iki min iki yüz doqquz) manat məbləğindədir. İş materiallarında olan 20.04.2022-ci il tarixli 07-X saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert aktı üzrə aparılmış tədqiqatın dəyəri 45,0 (qırx beş) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci və 482.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 45 (qırx beş) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci və 482.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, cəmi dəyəri 2209 (iki min iki yüz doqquz) manat təşkil edən 12 ədəd 0.7 litrlik “ÇİSTİE ROSİ” və 23 ədəd 0.7 litrlik “BELUGA” markalı araqlar, gömrük orqanlarına bəyan olunmamış 20 qutu “RİCHMOND SOBRANİE” markalı və 10 qutu “RİCHMOND SOBRANİE” markalı siqaretlər müsadirə edilsin. İş üzrə 45 (qırx beş) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar