Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-143/2023 05.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda rəsmiləşdirməklə 5 gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 50491,54 ABŞ dolları (85835,61 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi təmin edilmişdir. Şəxs MMC ixrac etdiyi yükün müqabilində 50491.54 ABŞ dolları (85835.61 manat) vəsaitin ödənilib-ödənilməməsi müəyyən etmək məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/013/003363 saylı sorğu ünvanlanmışdır. Gömrük prosedurları və ödənişləri şöbəsinin xx.xx.2023-cü il tarixli 34/012/003516 saylı xidməti qeydə əsasən hal-hazırda 5 gömrük bəyənnaməsi üzrə 6507,02 ABŞ dolları (11061,93 manat) vəsaiti Şəxs MMC-nin müvəkkil bankda olan hesabına ödəməmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı Nümayəndə1 Şabəddin oğlu tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400-03540/23 saylı, xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Şəxs MMC 2015-ci ildən meyvəçilik fəaliyyəti ilə məşğul olur. 2015-ci ildə şirkət qurulub, meyvə bağları salınıb, əvvəlcə meyvə satışları ölkə daxili olub, sonradan ölkə xaricinə ixrac olunmağa başlamışdır. 5 gömrük bəyannaməsi ilə bağlı şirkətə təxminən 122 min ABŞ dolları məbləğində pul köçürülməli olmuş, həmin məbləğdən təxminən 6 min ABŞ dolları köçürülməmişdir. Əgər Şəxs MMC-nin xaricdə olan şirkətlərlə hər hansı bir sövdələşməsi olsaydı ki, malın hər hansı hissəsini tullantı kimi yazıb pulu göndərməsinlər, onda qalıq məbləğ daha böyük olardı. 122 min ABŞ dollarına nisbətdə 6 min ABŞ dolları böyük bir məbləğ deyil. Xaricə göndərilən meyvələr yaş meyvədir və Rusiya Federasiyası ərazisinə çatması 5, bəzən isə 10 günə mümkün olur. Belə olan halda isə bəzi məhsulun çürüməsi və xarab olması nəticəsində çəki azalması və mal itkisi baş verir. Meyvələrin göndərilməsi ilə bağlı müqavilə 2 şirkət arasında bağlanmış və hər hansı 3-cü tərəf müqavilə iştirakçısı olmmışdır. Göndərilən malın sığortalanması olmamış və meyvələrin xarab olması ilə bağlı hər hansı akt tərtib olunmamışdır. Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə1 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, Şirkətlər İxrac etdikləri yüklərə görə 180 gün ərzində ixraca görə vəsait qayıtmadıqda məsuliyyət yaradır. O cümlədən Şəxs şirkəti də İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən məsuliyyət daşıyır. Hüquqi şəxs olduğu üçün qərardad tərtib olunaraq baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 14 iyul tarixli 3(029)-143/23 saylı qərarı ilə Şəxs şirkəti inzibati xəta törətməsinə görə təqsirli bilinmişdir. Bundan sonra qarşı tərəf qərardan apellyasiya şikayəti vermişdir. Lakin şikayət formal əsaslara görə ləğv olunmuş və protokolun tərtib olunmasının qanuniliyini şübhə altına almır. Məhkəmə baxışına təqdim etdiyi Şəxs MMC-nin hesabatından da görünür ki, hazırda məhkəmədə baxılan iş üzrə təqdim olunmuş bəyannamələrdə o vəsaitlərin ödənilməməsi öz əksini tapır. Barəsində protokol tərtib olunmuş Şəxs MMC-nin nümayəndəsi vəsaitin tam qaytarılmadığını malların bir qisminin xarab olması ilə əlaqələndirsə də, bu halların sübutunu təqdim edə bilmir. Odur ki, Şəxs MMC barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”-dən çıxarışdan müəyyən olunur ki, Şəxs MMC tərəfindən 5 bəyannamə üzrə xarici valyutada olan 6507.02 ABŞ dolları məbləğində vəsait həmin hüquqi şəxsin müvəkkil olunmuş bank hesabına köçürülməsi təmin edilməmişdir. İşin materiallarında olan ixrac edilmiş yükə dair təsdiq olumuş bəyannamələrdə gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.700 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 11061,93 manat hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 12.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi göstərilmişdir. Göründüyü kimi, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən ölkədən ixrac olunan mallar gömrük orqanına bəyan edildiyi vaxtdan həmin malların dəyərinin 180 gün müddətində ixracatçı şəxsin müvəkkil bankdakı hesabına köçürülməsi məcburi şərt kimi nəzərdə tutulmuş, həmin şərtin ixracatçı şəxslər tərəfindən pozulmasına görə isə müvafiq məsuliyyət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC 2022-ci ilin sentyabr ayında 5 gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasına meyvə məhsulları göndərməklə müvafiq gəlirlər etmiş, həmin gəlirlərin bir hissəsi Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankına köçürülsə də, 5 gömrük bəyannaməsi üzrə cəmi 6507,07 ABŞ dolları məbləğində pul vəsaiti mallar gömrük orqanına bəyan olunduğu vaxtdan 180 gün müddətində müvəkkil banka köçürülməmişdir. Bununla da, Şəxs MMC tərəfindən yuxarıda göstərilən Qanunun və Qaydaların tələbləri pozulmaqla o, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC özünün təqsirsiz olmasını onunla əsaslandırmışdır ki, 5 gömrük bəyannaməsi üzrə göndərilən malların 6507.07 ABŞ dolları hissəsinin xarab olması, malların çəkisinin azalması və s. səbəblərə görə malları qəbul edən müəssisə tərəfindən onlara “kredit note” sənədləri (pretenziyalar) göndərilərək həmin məbləğdə pul vəsaiti banka köçürülməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “kredit note” sənədləri (pretenziyalar) birtərəfli qaydada verilmiş sənəd olmaqla malları qəbul etmiş müəssisə tərəfindən Şəxs MMC-yə ünvanlanmış etirazını ifadə edən sənəddir, həmin pretenziyalarda göstərilən halları təsdiq edən, üçüncü şəxslərin iştirakları ilə tərtib olunmuş və ya səlahiyyətli qurumlar tərəfindən verilmiş hər hansı rəsmi sənədlər məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də Şəxs MMC-nin göstərdiyi dəlillər onun inzibati xətanın törədilməsində təqsirini istisna edən hallar kimi qəbul edilə bilməz. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483сü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi məbləğində-3318.58 (üç min üç yüz on səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-143/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-143/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver