Məhkəmə qərarları › İş №3(029)-146/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-146/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-146/2020 26.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxx 1973-cü ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Quxur-oba kəndində yaşayan Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə “VAZ-2102” markalı 38BB319 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP3135238saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2020-ci il tarixli məktubla baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qusar rayon məhkəməsinin hazırkı iş üzrə xx xxx 2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır (hakim Rafiq Kazımov). Şəxs Qusar rayon məhkəməsinin həmin qərarından apelyasiya şikayəti vermis və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(105)-259/2020 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, həmin qərar ləğv edilmiş, işə yenidən baxılması üçün material Qusar rayon məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, apelyasiya şikayətinə əlavə edilmiş etibarnaməyə əsasən Şəxs tərəfindən barəsində inzibati məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilməsinə əsas olan avtomobilin digər bir şəxsin istifadəsinə verildiyi, həmin etibarnamənin müddətinin bitdiyi müəyyən olunmuşdur. Həmçinin, avtomobilin axtarışı barədə qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə avtomobilin onun istifadəsində olmamasını mübahisələndirmişdir. Həmin avtomobilin onun faktiki istifadəsində olub-olmamasını, avtomobilin kimin istifadəsində olmasının müəyyənləşdirilməsi ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilən qərarın qanuni və əsaslı olmasının təmin edilməsindən ötrü zəruridir. Buna görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən avtomobilin idarə edilməsi üçün verilmiş F.Qarayevi dindirilməklə, həmin avtomobilə dair etibarnamənin müddətinin bitdiyi tarixdən sonra Şəxs, yaxud digər bir şəxsə hansı əsasla verməsinin aydınlaşdırılması qaçılmazdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “VAZ-2102” markalı 38BB319 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2017-ci il tarixdə o, həmin avtomobili satması üçün 1 illik etibarnamə ilə ünvan 1 ünvanda yaşayan tanışı X4 vermişdir. Həmin vaxtdan etibarən həmin avtomobil onda olmamış və avtomobili o, idarə etməmişdir. xx.xx.2018-ci il tarixdə Fuad Qarayevin adına verdiyi etibarnamənin müddəti bitmişdir. Fuad ondan yeni etibarnamə verməsini xahiş etmiş, lakin o, bundan imtina edərək avtomobili qaytarmasını tələb etmişdir. Lakin, Fuad avtomobili ona geri qaytarmamış, özündə saxlamışdır. xx.xx.2019-cu il tarixdə isə poçt vasitəsi ilə ona EQ2259494 saylı elektron qərar təqdim edilmişdir. Həmin qərarda onun Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci madddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə olunduğu göstərilmişdir. Həmin xətanın Şamaxı rayonu ərazisində törədildiyi göstərilmişdir. Halbuki, o, ümumiyyətlə Şamaxı rayonu ərazisində olmamış, orada həmin avtomobili idarə etməmişdir. Bu barədə o, Fuad Qarayevə zəng edəndə, sonuncu həmin avtomobili başqa şəxsə verdiyini bildirərək həmin şəxsin 050 *** ** ** saylı mobil telefon nömrəsini vermis, o, həmin şəxsə zəng etmiş və həmin şəxs həqiqətən də, həmin xətanı onun törətdiyini etiraf etmiş, cəriməni ödəyəcəyini bildirmişdir. Lakin, həmin cərimə nə həmin şəxsin, nə də, Fuadın tərəfindən ödənilməmişdir. Cərimə ödənilmədiyinə görə xx.xx.2019-cu il tarixdə BDYPİ-nin MMX-nın rəisi V.Nuriyev tərəfindən “nəqliyyat vasitəsinin saxlanması barədə” qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilən vaxtdan 1 ildən artıq müddət keçməsinə baxmayaraq, nəqliyyat vasitəsi saxlanılmamışdır. Beləliklə, xx.xx.2017-ci il tarixdən indiyədək mülkiyyətində olan VAZ-2102 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyində və idarəçiliyində deyil, həmin müddət ərzində həmin avtomobili o, idarə etməmişdir. Ona görə də, xx.xx.2019-cu il tarixdə həmin avtomobillə bağlı onun tərəfindən heç bir inzibati xəta, o cümlədən İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilə bilməzdi. Bu səbəbdən də, hesab edir ki, onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş hazırkı inzibati xəta haqqında protokol qanunsuzdur və həmin protokol üzrə icraata xitam verilməlidir. Şəxs göstərilənlərə əsasən hazırkı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Bundan başqa, şahid X2 iş materiallarında olan ünvan 2 ünvana bildiriş və teleqram göndərilmiş, lakin poçt xidməti belə bir ünvanın olmaması səbəbindən teleqramın çatdırıla bilməməsini göstərmişdir. Bununla da, məhkəmə tərəfindən şahid X2 məhkəməyə dəvət olunması və işlə bağlı izahatının alınması mümkün olmamışdır. İş materiallarında olan Şəxs barəsində qəbul edilmiş qərarın elektron versiyasından çıxarışın surətindən görünür ki, onun Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş EQ ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol üzrə ödəməli olduğu cərimə 50.0 manat, dəbbə pulu 30.0 manat, cəmi 80.0 manat olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 tərəfindən Şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Şəxs mülkiyyətçisi olduğu VAZ-2102 markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satması, etibarnamənin qüvvədə olduğu müddətdə həmin şəxs tərəfindən avtomobilə sahiblik hüququ əldə edilməməsi və hazırda avtomobili idarə etmədiyi halda yol hərəkəti qayda pozuntularına yol verməməsinə görə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarlarla bağlı DİN-nin BDYPİ-nə ünvanladığı müraciətə baxılmış və bildirilmişdir ki, onun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarlar üzrə icraatın dayandırılması və həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərarlar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırılmış məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə VAZ-2102 minik markalı 38BB319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Qusar rayon Notariat Ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli X-870 saylı məktubdan görünür ki, həmin notariat ofisində Şəxs tərəfindən ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi haqqında etibarnamə xx.xx.2017-ci il tarixdə 7E-12156 nömrə ilə təsdiq edilmişdir. Qeyd olunan etibarnamə X4 (ünvan 2) 1 (bir) il müddətinə verilmişdir. Əlavə olaraq, X5 həmin etibarnamə üzrə səlahiyyətləri ünvan 3i ünvanında qeydiyyatda olan X1 ötürmüşdür. Bununla bağlı, etibarnamə Bakı şəhəri 43 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə 7E-25417 reyestr nömrəsi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 149-19336-1220 saylı məktubdan görünür ki, VAZ-2102 markalı 38BB319 dövlət qyediyyat nişanlı nəqliyyat vasitəsi Qusar rayonu Quxur-oba kənd sakini Şəxs mülkiyyətindədir və xx.xx.2020-ci il tarixdən sonra nəqliyyat vasitəsi etibarnamə əsasında hər hansı bir şəxsə verilməsi barədə məlumatlar qeydə alınmamışdır. İş materiallarında olan Qusar rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 149-20162-1220 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 96.1.6-cı maddəsinə əsasən tətbiq edilmiş cərimə ödənişi təmin edilmədiyindən DİN-nin BDYPİ VAZ-2102 markalı 38BB319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanması barədə qərar qəbul etmiş, lakin qeyd olunan nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, İXM-nin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs istinad olunan Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta xx.xx.2019cu il tarixdə həmin şəxsin mülkiyyətində olan VAZ-2102 markalı ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə olunarkən törədilsə də, həmin vaxt həmin avtomobil həmin şəxsin faktiki sahibliyində olmamış, nəqliyyat vasitəsi həmin vaxtdan xeyli müddət əvvəlyəni xx.xx.2017-ci il tarixdə etibarnamə əsasında X5 adlı şəxsə verilmiş, daha sonra isə sonuncu həmin etibarnamə üzrə səlahiyyətləri ünvan 3i ünvanında qeydiyyatda olan X1 ötürmüşdür. Bu barədə Şəxs tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8nə müraciət olunmuş və həmin şəxsə nəqliyyat vasitəsinin saxlanması və qəbul edilmiş qərar üzrə icraatın dayandırılması barədə müvafiq qərarlar qəbul edildiyi, müvafiq araşdırma aparıldığı bildirilmişdir. Bundan başqa, iş materialları ilə də, müəyyən olunmuşdur ki, BDYPİ-nin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə VAZ-2102 minik markalı 38BB319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi qərara alınmışdır. Bununla da, Şəxs barəsində qəbul edilmiş EQ2259494 saylı xx.xx.2019-cu il tarixli elektron qərar üzrə cərimənin həmin şəxs tərəfindən qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsi və həmin hərəkətsizliyi ilə İXM-nin 529.3-cüq maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və bu səbəbdən də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xeyrinə həll edilməli, həmin şəxs ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar