Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-155/2022 25.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1989-cu ildə Qusar şəhərində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 24 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində yol hərəkəti qaydalarını pozduğu üçün onu saxlayan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin həmin şəxs 25.04.2022-ci il tarixdə Quba RMX-da tibbi müayinədən keçirilən zaman onun sidiyində THC aşkar edilişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Şəhriyar Əlizadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə 25 aprel 2022-ci il tarixli MN 1352781/218 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və göstərmişdir ki, həqiqətən də 24 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi VAZ 21101 markalı O21 CA 05 dövlət qeydiyyat nişanlı avtomobillə Qusar şəhəri S.Səfərov küçəsində hərəkətdə olarkən qarşıda hərəkətdə olan avtomobili üfüqi xətti kəsməklə ötmə əməliyyatı aparmış, bir az getdikdən sonra qarşıda mağazanın qabağında avtomobili saxladığı zaman polis əməkdaşları ona yaxınlaşaraq sənədlərini təqdim etməsini ona bildirmiş, o, həmin zaman sənədlərin üzərində olmadığını, evdə olduğunu bildirmişdir. Sonradan isə sənədlər onun avtomobilindən aşkar edilmiş və o, Polis şöbəsinə aparılmışdır. Polis şöbəsində olarkən polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olmuş, o, əsəbi olduğundan başını divara vurmuşdur ki, niyə belə hərəkətlər etmişdir. Bundan başqa təxminən on dörd gün əvvəl Qusar şəhərində çayın digər tərəfindən meşəyə gedən yolun kənarından bir kağız bükülü tapmış, bükülüyə baxdıqda onun narkotik vasitə olan marixuana olmasını müəyyən etmiş və onu siqaretə doldurmaqla çəkməklə istifadə etmişdir. O, Rusiya Federasiyası Dərbəndə şəhərində tələbə olduğu zaman bir-iki dəfə narkotik vasitə olan marixuanadan istifadə etdiyindən marixuananı tanıyır. O, Polis şöbəsinə aparılarkən və şöbədə ona heç bir təsir, təzyiq və işgəncə verilməmişdir, o, heç bir söyüş söyməmişdir. O, əvvəllər dələduzluq etdiyinə görə məhkum olunmuş və sonradan barəsində amnistiya tətbiq edilmişdir. Onun heç bir ağır xəstəliyi və əlilliyi yoxdur. Hazırda törətydiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 24 aprel 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:50-də inzibati qaydada tutulmuş, 25 aprel 2022-ci il tarixdə saat 15:30-da azad edilmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 18 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs tibbi müayinəsi zamanı sidiyində THC aşkar olunmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Dəmirbəy Abdullayev tərəfindən tərtib olunmuş 24.04.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 14:00 radələrində Qusar şəhəri S.Səfərov küçəsində “Mercedes” markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulda YPX-nin inspektoru polis baş serjantı X1 ilə birlikdə yol hərəkətinin təhlükəsizliyini təmin edərkən VAZ 21101 markalı O21 CA 05 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğuna görə və sənədlərini təqdim eytmədiyinə görə Şəxs Qusar RPŞ-nin növbətçi hissəsinə gətirilməklə orada onun şəxsiyyəti müəyyən edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin məsul növbətçisi polis leytenantı Ruslan Hüseynov tərəfindən tərtib olunmuş 24.04.2022-ci il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə saat 14:30 radələrində Qusar RPŞ-nin növbətçi hissəsində ucadan nalayiq söyüşlər söyərək səs-küy salmış, başını divara vurmaq istəməklə özünə xəsarət yetirməyə çalışmış, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs 24 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 25 aprel 2022-ci il tarixdən saat 17:42-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-155/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-155/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver