Məhkəmə qərarları › İş №3(029)-155/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-155/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-155/2024 16.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs üzərində xx.xx.2024-cü il tarixdə saat 19:50-də Qusar şəhəri, Qazi Məhəmməd küçəsində üstünə baxış keçirilən zaman şalvarının sağ kiçik yan cibində 02 ədəd, kağız bükümdə 1.23 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək özünü təqsirli bilmiş, narkotik vasitəni dostu Urfan ilə birlikdə çəkdiyini, pul müqabilində əldə etmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin törətdiyi əməlin qanunsuz olduğunu bilmiş, lakin bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 ilə bağlı xx.xx.2024-cü il tarixli 4442A №-li rəyindən də görünür ki, Şəxs epizodik Kannabinoidlərin epizodik istifadə etmə halları olub. Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmamışdır.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/640 nömrəli ekpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..... şübhəli şəxs Şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 02 ədəd kağız bükümdə......” yazılar və imzalar olan kağız paketdə 02 (iki) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.55 qramvə 0.68 qram, ümumi çəkiləri 1.23 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar tərkiblərinə görə eynidirlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə tövsif olunmuşdur. Həmin şəxsin təqsirləndirildiyi maddə ilə nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, məhkəməyə təqdim etmiş olduğu ərizəsi ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir.Həmçinin məhkəmə iclası zamanı səmimi ifadə verməmiş,narkotik vasitəni kimdən əldə etdiyini məhkəməyə bildirməmişdir. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Şəxs hər hansı bir ictimai faydalı əməklə məşğul olmaq, ailəsinin- himayəsində olan uşağının dolanışığını, eləcə də onların sağlam mühitdə böyüyərək cəmiyyətə inteqrasiyasını təmin etmək əvəzinə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri himayəsində böyüyən və tərbiyə olunan azyaşlı uşaqlarında psixioloji problemlər yaradacağını məhkəmə istisna etmir. Narkotik vasitənin miqdarını, onun növünü və bununla da əməlin ictimai təhlükəliliyini nəzərə alınır. Şəxs cəmiyyətdən təcrid olunmadan, islah olunması məhkəmədə şübhə doğurur. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 maddəsi ilə təqsirli bilinsin, İXM-nin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il,saat 16:49-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar